
Amerikalı sahibkar İlon Mask “OpenAI” və “Microsoft” şirkətlərinə qarşı məhkəmə iddiası qaldıraraq onlardan 79 milyard dollardan 134 milyard dollara qədər təzminat tələb edib.
“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Mask iddia edir ki, ilkin olaraq qeyri-kommersiya təşkilatı kimi fəaliyyətə başlayan “OpenAI” şirkəti “Microsoft” ilə tərəfdaşlıq müqaviləsi bağlamaqla bu prinsiplərdən imtina edib.
İddiaçının fikrincə, “OpenAI”nin gəlirləri onun şirkətin yaradılması və inkişafındakı həlledici töhfəsi sayəsində əldə edilib. Bu töhfə həm pul şəklində, həm də qeyri-maddi formada – əsas işçilərin cəlb edilməsi, biliklərin ötürülməsi, nüfuz və əlaqələrin təqdim olunması kimi qiymətləndirilir.
Qanunsuz gəlirlərin məbləğini hesablamaq üçün Mask ekspert rəyinə – maliyyə iqtisadçısı Pol Vazzananın rəyinə müraciət edib. Ekspert maliyyə modellərindən istifadə edərək və öz vençur investisiya təcrübəsinə əsaslanaraq hesablayıb ki, Maskın töhfəsi “OpenAI” qeyri-kommersiya fondunun hazırkı 500 milyard dollarlıq dəyərinin 50-75 %-ni təşkil edir. Maskın bəyanatına görə, “OpenAI”nin təsisçilərindən biri olduğu 2015-ci ildən bəri şirkət ondan 65,5 milyard dollardan 109,4 milyard dollara qədər vəsait alıb. “Microsoft” isə “OpenAI”yə 13,3 milyard dollardan 25,1 milyard dollara qədər investisiya qoyub.
Mask “OpenAI”nin hazırkı baş direktoru Sem Altman ilə birlikdə şirkətin həmsədri olub. Şirkət 2015-ci ildə təsis edilib. 2018-ci ildə Mask “OpenAI”nin direktorlar şurasını tərk edib. Beş il sonra o, süni intellektin hazırlanması üzrə özünün “xAI” şirkətini qurub, 2024-cü ildə isə Altmana qarşı məhkəmə prosesinə başlayıb. Mübahisənin predmeti Altmanın şirkəti idarə etmək üzrə kommersiya planları, o cümlədən “Microsoft” ilə əməkdaşlıq olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


