
Bakı. Trend:
Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət
sazişi imzalanıb və bununla da 1999-cu ildən bəri davam edən
danışıqlar uğurla başa çatıb.
Trend xəbər verir
ki, Paraqvayda keçirilən mərasimdə sazişi Avropa İttifaqı Şurasının
Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula
fon der Lyayen, MERCOSUR-a üzv ölkələrdən Argentina, Paraqvay və
Uruqvayın dövlət başçıları, eləcə də Braziliyanın xarici işlər
naziri imzalayıblar.
Saziş Avropa İttifaqı və MERCOSUR ölkələrini əhatə edən,
ümumilikdə 700 milyondan çox əhalinin yaşadığı əraziləri
birləşdirən dünyanın ən böyük azad ticarət zonasının yaradılmasını
nəzərdə tutur. MERCOSUR-a daxil olan Boliviya ilkin mərhələdə
sazişə qoşulmayacaq.
Məlumata görə, sənəd ötən həftə Aİ-yə üzv 27 ölkədən 21-nin səs
çoxluğu ilə təsdiqlənib. Yeni azad ticarət zonasının yaradılması
ABŞ Prezidenti Donald Trampın proteksionist gömrük siyasətinə qarşı
müdafiə məqsədi daşıyır.
Razılaşmaya əsasən, Aİ ilə MERCOSUR arasında dövriyyədə olan
malların 90 faizindən çoxuna tətbiq olunan gömrük rüsumlarının
mərhələli şəkildə ləğv edilməsi planlaşdırılır. Bu isə Aİ-nin
MERCOSUR ölkələrinə illik ixracatının 39 faiz, yəni təxminən 49
milyard dollar artacağı ilə nəticələnə bilər.
Sazişin Avropanın əczaçılıq, maşınqayırma və avtomobil sənayesi
üçün geniş imkanlar yaradacağı proqnozlaşdırılır. Hazırda Aİ
MERCOSUR ölkələrinə əsasən avtomobil və kimya məhsulları ixrac
edir, əvəzində isə daha çox kənd təsərrüfatı məhsulları və xammal
idxal edir.


