
Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yanvarın
17-dən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı
olacağı, bəzi ərazilərdə qar yağacağı gözlənilir.
Trend xəbər verir ki, bu
barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində
deyilir.
Bildirilir ki, başa çatmaqda olan həftə ərzində dağlıq və
dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər
fonunda hava şəraitinin yenidən pisləşməsi hərəkət
iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmağı tələb
edir:
“Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə,
enişli-yoxuşlu yollarda, körpülərdə səhər və axşam saatlarında
yolların buz bağlaması ehtimalı nəzərdə qaçmamalıdır.
DYP əməkdaşları aidiyyəti qurumlarla birgə yağıntılı hava
şəraitinin yollarda yarada biləcəyi fəsadların aradan qaldırılması,
hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması
istiqamətində qabaqlayıcı tədbirlər görür”.
“Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə
həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını
nəzərə alaraq, qarşıdakı günlərdə səfərə hazırlaşan sürücülərdən
yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik
baxımından – ələlxüsus şinləri yararsız, mövsümə uyğun təchiz
edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən
sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən
fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə
hərəkətə üstünlük verməyi xahiş edir”, – qurumdan əlavə olunub.


