Trampa sülh medalının təqdimatı – Maçadodan Nobel Komitəsinin səhvinə düzəliş – ŞƏRH

Baş səhifə

Ötən gün Nobel Sülh Mükafatı tarixində adi olmayan hadisə baş verib. Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Ağ Evdə keçirilən görüşdə Nobel Sülh Mükafatı medalını ABŞ Prezidenti Donald Trampa təqdim edib.

O, mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib: “İki yüz il əvvəl general Lafayet Simon Bolivara üzərində Corc Vaşinqtonun şəkli olan medal vermişdi. İki yüz il sonra Bolivar xalqı onun azadlığımıza olan unikal sadiqliyinin tanınması üçün Vaşinqtonun varisinə medalı, bu halda Nobel Sülh Mükafatı medalını geri verir”.

Yeri gəlmişkən, general Lafayet, yaxud Gilbert Şarl Jak de Lafayet ABŞ Müstəqillik Müharibəsində mühüm rol oynamış fransız hərbi komandanı və zadəgandır. O, Böyük Britaniyaya qarşı ABŞ-ni dəstəkləyib.

Simon Bolivar isə Venesuelanın milli qəhrəmanıdır. Venesuela, Kolumbiya, Ekvador, Peru və Boliviya daxil olmaqla bir sıra Latın Amerikası ölkələrinin İspaniya müstəmləkəsinə qarşı, müstəqillik uğurunda mübarizəsinə rəhbərlik etmiş cənubi amerikalı hərbi lider və dövlət xadimi olub. O, xalq arasında “El Libertador” və ya “Xilaskar” kimi tanınır.

Boliviyanın konstitusiyası şəxsən özü tərəfindən yazılmasına və əsrin ən əhəmiyyətli siyasi sənədlərindən biri olmasına baxmayaraq, heç vaxt tətbiq edilə bilmədi. Generallar arasındakı şəxsi münaqişələr vətəndaş müharibəsinə çevrildi və 1827-ci ildən etibarən Böyük Kolumbiya bölünməyə başladı.

Kolumbiya prezidentliyindən istefa edənə, 1830-cu ildə vərəmdən ölənə qədər Simon Bolivar ardıcıl olaraq vəzifələrindən uzaqlaşdırılmışdı. İndi Latın Amerikasının hər yerində o, bir qəhrəman, milli və mədəni simvol kimi qəbul edilir. Boliviya və Venesuela (Bolivar Venesuela Respublikası olaraq) ölkələri onun adını daşıyır.

Qeyd edək ki, S.Bolivar 1783-cü ildə aristokrat ailədə doğulub. Uşaq yaşlarında valideynlərini itirib. Ailəsindən qalan miras ilə İspaniyada hərbi təhsil alıb. 1810-cu ildə Venesuelaya qayıdaraq müstəmləkə tərəfdarı qüvvələrə qarşı Karakasda döyüşüb. Venesuelanın müstəqilliyini elan edib. Karakası Napoleonun qardaşı Josefin komandanlığındakı İspan ordusunun əlindən alıb. Bu kimi başqa qəhrəmanlıqlar da göstərib.

Simon Bolivar ABŞ-ni ölkəsinin müttəfiqi sayıb. Bu baxımdan, Mariya Korina Maçadonun Nobel medalını Donald Trampa təqdim etməsi həm də müttəfiqliyin bərpası, yaxud davamının rəmzidir.

O, açıqlamasında Donald Trampın tam olaraq Venesuelanın siyasi məhbuslarının və bütün venesuelalıların azadlığı ideyasına sadiq olduğunu vurğulayıb: “O, həm də respublikanın ABŞ-nin güclü müttəfiqi kimi potensialını dərk edir”.

M.Maçado ölkəsinin ABŞ ilə təhlükəsizlik, energetika və sərmayələrin mühafizəsi sahələrində əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Donald Tramp, öz növbəsində, Mariya Korina Maçadoya “Truth Social” şəbəkə hesabında təşəkkür edərək yazıb: “O, çox çətinliklər görmüş heyrətamiz qadındır. Mariya gördüyüm işə görə Nobel Sülh Mükafatını təqdim edib. Qarşılıqlı hörmətə dair belə gözəl bir jest. Təşəkkür edirəm, Mariya!”.

Bir məsələni də vurğulamaq yerinə düşür. Maçado Nobel Sülh Mükafatının təqdimetmə mərasimində iştirak edə bilməyib. Onun əvəzinə tədbirə qızı qatılıb. O çıxışında bildirmişdi: “Azadlıq hər gün təsdiq edilməli olan bir seçimdir, onu qorumaq üçün hazırlığımız və cəsarətimizlə dəyərləndiririk”.

Mariya Maçadonun Venesuela müxalifətinin lideri olduğuna dair bəzi məqamlara toxunaq. 2024-cü il iyulun 24-də keçirilmiş prezident seçkisində ona namizəd olaraq bu kampaniyaya qatılmaq yasaqlanmışdı. O, ictimaiyyət arasında sonuncu dəfə 2025-ci il yanvarın 9-da Nikolas Maduronun andiçmə mərasiminə qarşı Karakasda etiraz aksiyasında iştirak etdiyi zaman görünüb. Maçado və tərəfdarları seçkinin nəticələrinin saxtalaşdırıldığını bildirirdilər. Sonradan hakimiyyət onu seçkilərin nəticələrinə şübhə etdiyinə görə qiyama təhrikdə ittiham edib. Həmin hadisələrdən sonra Mariya Maçado gizli fəaliyyətə keçmişdi. Bununla belə sosial mediada hakimiyyətə qarşı müxtəlif mövzulu videomüraciətlər paylaşıb.

Elə təhlükəsizlik baxımından o, Osloda mükafatın təqdimat mərasiminə qatıla bilməyib. Həmin siyasi kampaniyada müxalifəti Edmundo Qonsales təmsil edib. Müxalifət onun qalib gəldiyini bəyan edirdi. Ancaq Nikolas Maduro özünü qalib elan etmişdi. Onda ABŞ də daxil olmaqla bəzi ölkələr müxalifətdən olan namizəd Edmundo Qonsalesi seçilmiş prezident kimi tanımışdılar.

İddialara görə, Maduro 2019-cu il prezident seçkisində də səsvermənin nəticələrini saxtalaşdırıb. Həmin kampaniyada onun rəqibi Xuan Quaydo olub.

Prezident andı içəndən bir il sonra – 2026-cı il yanvarın 3-də ABŞ Nikolas Maduroya qarşı hərbi əməliyyat keçirdi. ABŞ-nin keçirdiyi bu əməliyyatdan sonra həbsdən azad edilən siyasi məhbuslar arasında Venesuelanın sabiq prezidentliyə namizədi Enrike Markes, sabiq deputat, Maçadonun silahdaşı Biaco Pilyeri, Ali Məhkəmənin keçmiş hakimi Alexandro Rebolledo və Kanar adalarından olan jurnalist Migel Moreno Dapena da olub. Bundan başqa, İspaniyanın beş vətəndaşı, o cümlədən hüquq müdafiəçisi Rosio San-Miguel də azad edilib.

Ötən il bir çoxları hesab edirdilər ki, Ağ Evin Qonsalesi prezident olaraq tanıması formal xarakter daşıyır və bu, müxalifətə təsəlli vermək üçün atılmış siyasi addımdır. Çünki 2019-cu ildə də oxşar hadisə baş vermişdi. ABŞ Xuan Quaydonu prezident səlahiyyətlərinin icraçısı olaraq tanımışdı. Maduro onun hakimiyyətinin davam etməsinə imkan verməmişdi. Həmin il Donald Tramp ABŞ-nin 45-ci prezidenti idi.

O, Maduro əməliyyatı ilə Venesuelaya verdiyi sözü sanki yerinə yetirmiş sayılır. Düzdür, Xuan Quaydo və Enrike Markes prezident olaraq qəbul edilmirlər. Bununla belə, əməliyyat Venesuela cəmiyyətinin 13 illik Maduro hakimiyyətinə qarşı mübarizəsinin uğurlu nəticəsi olaraq dəyərləndirilə bilər. Əməliyyat Venesuelaya təhlükəsizlik və energetika sahələrində əməkdaşlıqla yanaşı, sülh, əmin-amanlıq vəd edir. Bunu həm də 200 il öncəki ABŞ-Bolivar əməkdaşlığının bərpası da saymaq olar.

Donald Trampın prezidentliyi ilə ABŞ Venesuelada Maduroya qarşı əməliyyatı keçirməklə ölkə müxalifətinin apardığı mübarizəni sona çatdırıb.

Xanım Maçadonun laureat olması Nobel Mükfatı Komitəsi tərəfindən Venesuela müxalifətinin mübarizəsinə verilən dəyər sayılır. Ancaq, heç şübhəsiz, Donald Tramp regional deyil, qlobal miqyasda sülh və demokratiyanın yaranmasına göstərdiyi xidmətə, habelə münaqişələrin həllində aparıcı və sərt mövqeyinə görə bu mükafata layiq görülə bilərdi.

Həmin siyahıya Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, Zəngəzur dəhlizi (Tramp yolu) layihəsinin reallaşması prosesinin başlaması kimi məsələlər də daxildir.

Beynəlxalq münasibətlərdə ziddiyyətlərin toqquşduğu Fələstinin Qəzza zolağında sülh planının reallaşmasından bəhs etmək də yerinə düşər. Artıq zolaqda HƏMAS hökuməti təhvil verməyə hazırlaşır. ABŞ-nin başçılıq etdiyi Beynəlxalq Sülh Komitəsinin yaxın zamanda fəaliyyətə başlayacağı gözlənilir. Odur ki, Qəzza zolağına sülh gəlməsinin qlobal miqyasda münasibətlərə müsbət təsir göstərəcəyi istisna edilmir.

Nobel Komitəsinin nizamnaməsinə əsasən, mükafat başqasına hədiyyə edilə bilməz və sair. Mariya Maçado bu davranışını Nobel Komitəsinin müəyyən mənada səhvinə düzəliş də saymaq olar. Odur ki, bu mükafatın medalının Trampa simvolik təqdimatı Latın Amerikasından Yaxın Şərqə, Cənubi Qafqaza, Pakistandan Hindistana, Tailanddan Kambocayadək nail olunan sülhə verilən dəyərdir…