Zikh federasiyası qurdvaraların mahiyyətindən danışıb

Baş səhifə

Bakı.Trend:

Hər hansı bir qurdvarada, yəni zikh ibadət yerində minlərlə
insanı görmək mümkündür. Azərbaycanda, o cümlədən Bakıda isə belə
bir ibadət məkanı yoxdur.

Trend xəbər
verir ki, bu fikirləri bu gün Zikh Federasiyasının baş icraçısı
Sidhu Dabinderjit “Hindistanda zikhlərə və digər milli azlıqlara
qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq
konfransda səsləndirib.

O bildirib ki, İngiltərədə ilk qurdvara 1911-ci ildə açılıb və
hazırda bu ölkədə 250 qurdvara fəaliyyət göstərir.




“Hər bir qurdvarada ümumi yemək üçün xüsusi məkan var. İnsanlar
burada birlikdə əyləşir və pulsuz vegeterian yemək yeyirlər.
Dünyanın istənilən yerindən olan hər kəs dini inancından, imanlı
olub-olmamasından, kişi və ya qadın olmasından asılı olmayaraq
qurdvaraya gələ bilər. Burada hamı bərabərdir, zəngin və kasıb eyni
süfrə arxasında əyləşir və eyni yeməyi paylaşır”, – deyə o
vurğulayıb.

Zikh Federasiyasının baş icraçısı həmçinin, tarix kitablarında
tez-tez xatırlanan Sikh dövlətinə də toxunaraq bildirib ki, bu
dövlət 1799–1849-cu illəri əhatə edən, 50 il davam etmiş bir
hakimiyyət dövrü olub:

“Bəzən unuduruq ki, Maharaca Rancit Sinqhin rəhbərliyi altında
mövcud olmuş Sikh dövləti Böyük Britaniyadan iki dəfə,
Azərbaycandan isə altı dəfə böyük əraziyə malik idi. Əhalisi isə
təxminən 12 milyon nəfər təşkil edirdi”.