Ötən il Azərbaycan qazının 38 faizi İtaliyaya ixrac olunub

Baş səhifə

Bakı. Trend:

Ötən il İtaliyaya 9,5 milyard kubmetr və ya Azərbaycan qazının
38 faizi ixrac olunub.

Trend xəbər verir
ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz rəsmi “X” səhifəsində yazıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası və İtaliya
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın 6-cı iclası çərçivəsində İtaliyanın xarici işlər və
beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə
səmərəli müzakirələr aparılıb.

“Çoxölçülü strateji tərəfdaşlığımızı bütün sahələrdə
möhkəmləndirən nailiyyətləri və əməkdaşlıq gündəliyindəki yeni
layihələri nəzərdən keçirdik. Ötən il qaz ixracımızın 38
faizinin-9,5 milyard kubmetrinin tədarük edildiyi İtaliya ilə
enerji, nəqliyyat, investisiya və texnoloji innovasiyalar üzrə
perspektivli əməkdaşlıq imkanlarını dəyərləndirdik”,-deyə nazir
qeyd edir.




Nazir sonda vurğulayıb ki, Hökumətlərarası Komissiya iclasının
nəticəsi olaraq, 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin
icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul olunub.

Qeyd edək ki, Azərbaycan qazının İtaliyaya ixracı Trans-Adriatik
Boru Kəməri (TAP) vasitəsilə həyata keçirilir.

Onu da qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas elementlərindən
biri olan TAP Xəzər dənizindəki “Şahdəniz” yatağından çıxarılan
təbii qazı birbaşa Avropa bazarlarına nəql edir. 1 yanvar 2026-cı
ildən etibarən TAP qazın nəqli üzrə yeni saziş (GTA) çərçivəsində
əlavə uzunmüddətli ötürücülük gücü təqdim edib.