Çövkən Qırmızı dəniz sahilində: Marsa Alam beynəlxalq arenaya çevrildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Misirin Qırmızı dəniz sahilində yerləşən Marsa Alam kurort
şəhərində çövkənə həsr olunmuş beynəlxalq idman-turizm festivalı
keçirilib.

Trend xəbər
verir ki, tədbir Misirin idman turizmini inkişaf etdirmək və yeni
idman növlərini beynəlxalq səviyyədə tanıtmaq strategiyası
çərçivəsində təşkil olunub.

Festivalın təşkilati və idman proqramının formalaşdırılmasında
Beynəlxalq Çövkən Federasiyası fəal iştirak edib. Federasiya
tədbirin beynəlxalq çərçivədə həyata keçirilməsinə töhfə verib və
çövkənin müxtəlif ölkələr arasında idman və mədəni əlaqələrin
qurulmasında rolunu ön plana çıxarıb.




Tədbirdə bir sıra ölkələrdən olan idmançılar iştirak ediblər ki,
bu da çövkənin getdikcə artan beynəlxalq marağa sahib olduğunu
göstərib. Festival çövkənin müasir formatda təqdim olunması və yeni
auditoriyalara çatdırılması baxımından əhəmiyyətli platforma
olub.

Misir tərəfi çövkəni ölkə üçün yeni, lakin perspektivli idman
növü kimi təqdim edib. Rəsmi şəxslər və turizm mütəxəssisləri
bildiriblər ki, çövkənin dinamikası, vizual cəlbediciliyi və
atçılıq mədəniyyəti ilə bağlılığı kurort şəhərləri üçün xüsusilə
uyğun mühit yaradır.

Beynəlxalq Çövkən Federasiyası Marsa Alamda keçirilən bu
festivalı çövkənin regional və beynəlxalq səviyyədə tanıdılması
istiqamətində mühüm mərhələ kimi dəyərləndirib. Tədbirin idman,
mədəniyyət və turizmi bir araya gətirən uğurlu nümunə olduğu
vurğulanıb.