
Bakı. Trend:
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti diplomatik
nümayəndəliklərin bərpası məqsədilə Venesuelaya səfər edəcək.
Trend xəbər verir
ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pintonun
Telegram kanalında dərc olunmuş hökumət bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Venesuela Bolivar hökuməti ABŞ
hökuməti ilə diplomatik danışıqlar prosesinə başlamaq qərarına
gəlib. Bu qərar ABŞ təcavüzünün, eləcə də Prezident Nikolas Maduro
və onun həyat yoldaşı, Birinci xanım Siliya Floresin oğurlanması
ilə bağlı nəticələrin aradan qaldırılması və qarşılıqlı maraq
doğuran məsələlərin müzakirəsi məqsədi daşıyır.
Sənəddə vurğulanır ki, ABŞ Dövlət Departamentinin diplomatik
heyətindən ibarət nümayəndə heyəti diplomatik fəaliyyətlə bağlı
texniki və logistik qiymətləndirmə aparmaq üçün Venesuelaya
gələcək.
Eyni zamanda bildirilib ki, Venesuela diplomatlarından ibarət
oxşar nümayəndə heyəti də ABŞ-yə göndəriləcək.


