
Bakı.Trend:
bp şirkəti Xəzər dənizindəki “Dərinsulu Günəşli” (Deepwater
Gunashli) yatağında quyularda yüngül müdaxilə (Light Well
Intervention Vessel, LWIV) əməliyyatlarını həyata keçirmək üçün ilk
gəmini işə salmağa hazırlaşır.
Trend bu barədə
şirkətə istinadən xəbər verir.
bp-nin AGT regionu (Azərbaycan, Gürcüstan və Türkiyə) üzrə
quyular üzrə vitse-prezidenti Rassel Morrisin sosial şəbəkədə
bildirdiyinə görə, gəmi Azərbaycan, Gürcüstan və Türkiyədə
əməliyyatlara cavabdeh olan “AGT Wells bp” komandası tərəfindən
istifadə olunacaq.
Onun sözlərinə görə, “Xankəndi” adlı sualtı inşaat gəmisi tam
təmir edilib və gələn həftə sualtı müdaxilə işlərinin aparılması
üçün yatağa göndəriləcək. Morrisin bildirib ki, bu əməliyyat
(müdaxilə avadanlığı üzrə gəmi operatoru kimi Saipem şirkətinin və
SLB şirkətinin dəstəyi ilə) Oceaneering BORIS (Blue Ocean Riserless
Intervention System) sistemi istifadə edilərək dünyada həyata
keçiriləcək ilk əməliyyat olacaq.
Qeyd edək ki, kampaniyanın təhlükəsiz və effektiv aparılması
üçün artıq iki böyük müqavilə imzalanıb:
– RLWI xidmətlərinin, BORIS-in quraşdırılması, yığılması və
sınaqdan keçirilməsi, layihə idarəçiliyi, mühəndis dəstəyi,
sistemlərin inteqrasiyası, həmçinin avadanlıq və materialların
təchizatı və istehsalat işlərinin həyata keçirilməsini əhatə edən
çoxmilyonluq müqavilə “Oceaneering International” ilə bağlanıb.
– Yüngül müdaxilə (LWI) xidmətlərini, o cümlədən ağır
qaldırmaları aradan qaldırmaq və “qırmızı zona”nın idarəsini
sadələşdirmək üçün kombinə edilmiş wireline/slickline (Combo)
blokunu təmin etməyi, yüksək təzyiqli nasos avadanlığı ilə
“bleed-off “paketinin tam təqdimatını və çoxdisiplinli briqadaları
əhatə edən çoxmilyonluq müqavilə SLB ilə bağlanıb.
bp-nin son məlumatlarına görə, 2025-ci ilin ilk üç rübündə AÇG
üzrə gündəlik orta hasilat təxminən 327 000 barel (ümumilikdə
təxminən 89 milyon barel və ya 12 milyon ton) təşkil edib. Buna
Çıraq platformalarında 21 000 barel, Mərkəzi Azəri 88 000, Qərbi
Azəri 75 000, Şərqi Azəri 43 000, Dərinsulu Güneşli 52 000, Qərbi
Çıraq 24 000, ACE (Azeri Central East) –da 24 000 barel gündəlik
hasilat daxildir.
Bundan əlavə, 2025-ci ilin sentyabr ayının sonuna AÇG-də 145
quyu istismarda olub, 48-i su vurma, 10-u isə qaz vurma üçün
istifadə olunub.
2025-ci ilin ilk doqquz ayında AÇG-də altı hasilat neft quyusu,
dörd su vurma quyusu və bir qaz vurma quyusu qazılıb və
tamamlanıb.
2025-ci ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən
Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu
vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,1
milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt
qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora
vurulmuşdur.
Blokun kommersiya istismarı 1997-ci ilin noyabrından başlayaraq
və 2025-ci ilin üçüncü rübünün sonuna qədər ümumilikdə 4,5 milyard
barel neft hasil edilib. Bu dövr ərzində AÇG-dən dövlətə ümumilikdə
60 milyard kubmetr səmt qazı tədarük olunub.


