
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda etiraz
aksiyalarının iştirakçıları öldürülərsə, Vaşinqton Tehrana “çox
sərt” zərbə endirəcək.
Trend xəbər verir ki, Ağ Ev
rəhbəri bu barədə “Salem News Channel” telekanalının efirində
bildirib.
“ABŞ Tehrana çox güclü zərbə endirəcək və İran bunun ağır
nəticələrini görəcək”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, İranda etirazlar davam edir. Bu gün İranın
Kermanşah şəhərində baş verən iğtişaşlar zamanı İslam İnqilabı
Keşikçiləri Korpusunun iki hərbi qulluqçusu həlak olub.


