
Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatında yaşayan azərbaycanlı rejissor və
prodüser Sevinc Kərimova vəfat edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, mədəniyyətimizin tanınan simalarından olan Sevinc Kərimova
1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramları ilə
yanaşı, kütləvi tədbirlərin rejissoru və prodüseri kimi fəaliyyət
göstərib.
“Karvan” qrupunun yaradıcısıdır. Fəaliyyətini ABŞ-də davam
etdirən soydaşımız “Golden Arts Entertainment Production”
şirkətində prodüser kimi işləyib. Həyat yoldaşı, bəstəkar Mikayıl
Vəkilovla birlikdə gənc azərbaycanlı musiqiçilərin inkişafına və
böyük səhnələrə çıxmasına kömək göstərib. Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və “Birlikdə”
adlı beynəlxalq layihələrin təşkilatçısı olub.
2023-cü ildə keçirilən “Bakı Payızı – 35 il sonra” adlı müsabiqə
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik
yubileyinə həsr edilib.
“Birlikdə” layihəsi çərçivəsində isə Azərbaycanın tarixi,
həqiqətləri və mədəniyyəti haqqında yüksək peşəkarlıqla bədii
videoçarx hazırlanaraq müxtəlif tədbirlərdə nümayiş etdirilib.
Videoçarxda Azərbaycan Dövlət Xor Kapellası və xaricdə fəaliyyət
göstərən Azərbaycan diasporunun rəqs qruplarının da çıxışları yer
alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 yanvar
2026-cı il tarixli Sərəncamı ilə Sevinc Kərimova xalqlar arasında
dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun
inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
Həmçinin 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə”
Azərbaycan Respublikasının medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
ABŞ-dəki Azərbaycan icmasının fəal üzvünün, tanınmış mədəniyyət
xadimi Sevinc Kərimovanın vəfatından kədərləndiyini bildirir,
mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


