Monteneqro qaz və “yaşıl” enerji sahəsində Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazırdır – Ervin İbrahimoviç (ÖZƏL MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

Monteneqro Azərbaycanla qaz sahəsində, həmçinin “yaşıl” enerji
sektorunda əməkdaşlığı dərinləşdirməyə hazırdır.

Bunu Trend
verdiyi özəl müsahibədə Monteneqro hökumətinin sədr müavini və
xarici işlər naziri Ervin İbrahimoviç Bakıya son səfərinin
yekunlarını şərh edərkən bildirib.

“Monteneqro və Azərbaycan ənənəvi olaraq dostluq və tərəfdaşlıq
münasibətlərini qoruyur və mənim Bakıya səfərim bu əlaqələrin daha
da möhkəmləndirilməsinə, dövlətlərarası münasibətlərin inkişafına
və davamlı, açıq və konstruktiv siyasi dialoqun davam etdirilməsinə
hədəflənmişdi. Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova, baş nazir
Əli Əsədov və maliyyə naziri Sahil Babayev ilə aparılan məzmunlu
danışıqlar zamanı ölkələrimiz arasındakı münasibətlərin yüksək
səviyyədə olduğuna, müsbət dinamika və qarşılıqlı maraq doğuran
sahələrdə əməkdaşlıqla səciyyələndiyinə razılaşdıq”, – deyə o
bildirib.

İbrahimoviç qeyd edib ki, Bakıda keçirilən görüşlər əməkdaşlığın
daha da dərinləşdirilməsi mexanizmlərini müzakirə etmək üçün
dəyərli imkan yaratdı.

“Xüsusi diqqət iqtisadiyyat, xüsusilə turizm, investisiyalar və
enerji sahələrinə yönəldildi, habelə xarici siyasət sahəsində
qarşılıqlı fəaliyyət formaları müzakirə olundu. Biz həmçinin qlobal
proseslər barədə fikir mübadiləsi apardıq və 8 avqust 2025-ci il
tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış,
möhkəm sülh, regional sabitlik və rifah yolunda mühüm addım olan
Birgə Bəyannaməyə dəstəyimizi ifadə etdik.

Bakıda olarkən mən Monteneqronun xarici siyasət prioritetləri
barədə Azərbaycan tərəfdaşlarını məlumatlandırmaq imkanına malik
oldum, xüsusilə də ölkəmizin Avrointeqrasiyaya sarsılmaz
sadiqliyini vurğuladım. Monteneqronun 2026-cı ilin sonuna qədər
Avropa İttifaqına üzvlük üzrə danışıqları başa çatdırmaq və 2028-ci
ildə üzvlüyə hazır olmaq iddialarını təqdim etdim, habelə dekabr
ayında Brüsseldə Hökumətlərarası Konfransda beş danışıqlar fəslinin
bağlanması daxil olmaqla son konkret nəticələri qeyd etdim”, – deyə
hökumət sədrinin müavini bildirib.

Onun fikrincə, Monteneqronun Azərbaycana rəsmi səfəri olduqca
uğurlu keçib, məzmunlu və məhsuldar xarakter daşıyıb və hər iki
ölkənin vətəndaşlarının xeyrinə Monteneqro ilə Azərbaycan arasında
əməkdaşlığın davamlı inkişafı üçün təməlin daha da
möhkəmləndirilməsinə xidmət edib.

Monteneqronun Azərbaycan qazının idxalına
marağı

“Monteneqro Azərbaycan təbii qazının idxalına açıq maraq
göstərir və bunu enerji təhlükəsizliyinin gücləndirilməsi və
təchizat mənbələrinin şaxələndirilməsi üzrə daha geniş
strategiyanın bir hissəsi kimi qiymətləndirir. Biz enerjini inkişaf
üçün əsas potensial sahələrdən biri kimi görürük və əməkdaşlığı
dərinləşdirməyə, xüsusilə qaz və bərpa olunan enerji sahəsində
bilik və təcrübə mübadiləsi aparmağa hazırıq”, – deyə İbrahimoviç
bildirib.

O xatırladıb ki, Bakı səfəri çərçivəsində enerji sahəsində
əməkdaşlığın gələcək addımları müzakirə olunub, o cümlədən müxtəlif
qarşılıqlı fəaliyyət formalarını nəzərdən keçirmək və Azərbaycanın
Monteneqraya qaz tədarükü ilə bağlı potensial imkanları araşdırmaq
məqsədilə sektorlararası görüş təşkil etmək imkanı da müzakirə
edilib.

“Bu məsələlər iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın
gələcək iclasında əlavə müzakirə olunacaq. Bu kontekstdə
Ioni-Adriatik qaz kəmərinin (IAP) əhəmiyyətini xüsusilə vurğulamaq
vacibdir. Monteneqronun 2030-cu ilədək Enerji İnkişafı
Strategiyasında (IAP) ölkənin hazırkı mərhələdə qazlaşdırılması
üçün ən real variant hesab olunur.

IAP layihəsi Cənub Qaz Dəhlizinin son seqmenti kimi nəzərdə
tutulub; bu kəmər vasitəsilə “Şah Dəniz” yatağından qaz
Transadriatik Qaz Kəməri vasitəsilə region ölkələrinə, o cümlədən
Monteneqroya çatdırıla bilər. Layihə Avropa İttifaqı və
Avroatlantik tərəfdaşlar tərəfindən güclü dəstək alır, Ümumi Maraq
Layihəsi kimi tanınır və Aİ-nin Birgə İnfrastruktur layihələri
siyahısına daxil edilib ki, bu da onu həm siyasi, həm də strateji
prioritet edir. Hazırda Monteneqroda qaz infrastrukturu mövcud
olmadığından, bu layihənin həyata keçirilməsi əhəmiyyətli xarici
investisiya imkanları aça bilər, təbii qazın sabit tədarükünü təmin
edə, eyni zamanda ətraf mühitin çirklənmə səviyyəsinin azalmasına
və regional əlaqəliliyin güclənməsinə xidmət edə bilər”, – deyə
hökumət sədrinin müavini bildirib.

“Yaşıl” enerji və dayanıqlı inkişaf sahəsində
tərəfdaşlıq

“Mən Monteneqro ilə Azərbaycan arasında “yaşıl” enerji və
dayanıqlı inkişaf sahəsində əməkdaşlığı olduqca perspektivli və
qarşılıqlı tamamlayıcı hesab edirəm, xüsusilə Paris Sazişi
çərçivəsindəki öhdəliklərimizi və Monteneqronun Avropa İttifaqına
üzv olmaq üçün namizəd ölkə statusunu nəzərə alsaq. Bizim strateji
istiqamətimiz enerji sektorunun karbonsuzlaşdırılma prinsipləri,
“yaşıl” enerjiyə keçid və Avropanın “yaşıl” kursuna uyğun olaraq
bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi
əsasında inkişaf etdirilməsidir”, – deyə İbraimoviç bildirib.

Hökumət sədrinin müavini qeyd edib ki, Monteneqro bərpa olunan
enerji mənbələrinə fəal investisiya yatırmağı, enerji
səmərəliliyini artırmağı və regional və Avropa enerji sistemlərinə
qoşulmaq üçün infrastrukturun inkişafını planlaşdırır.

“Bu prosesdə həm ənənəvi enerji sahəsində, həm də “yaşıl” enerji
həllərinin getdikcə dinamik inkişaf etdiyi sahədə Azərbaycanın
təcrübəsi və həyata keçirilmiş layihələri əməkdaşlıq üçün böyük
potensial yaradır.

Biz qaz sahəsində əməkdaşlığı da xüsusilə önəmli hesab edirik,
bərpa olunan enerji və dayanıqlı enerji layihələrinin inkişafı ilə
yanaşı, bu layihələr emissiyaların azaldılmasına və uzunmüddətli
enerji sabitliyinin təmin edilməsinə xidmət edir. Mən əminəm ki,
siyasi dialoqun fəallaşdırılması, bilik mübadiləsi və konkret
sazişlərin bağlanması yolu ilə Monteneqro və Azərbaycan
tərəfdaşlığını daha da dərinləşdirə, həm ikitərəfli, həm də
regional səviyyədə dayanıqlı inkişaf və enerji təhlükəsizliyinə
birgə töhfə verə biləcəklər”, – deyə o açıqlayıb.

Diplomatik münasibətlərin daha da möhkəmləndirilməsi və
qarşıdakı birgə tədbirlər barədə

İbrahimoviç qeyd edib ki, Monteneqro ilə Azərbaycanın diplomatik
əlaqələrin qurulmasından bəri tərəflər bu münasibətlərin inkişafı
və yeni əməkdaşlıq formalarının axtarışı üzərində daimi işləyirlər,
bununla yanaşı tanınmış ümumi maraqlar və açıqlıq, dostluq
prinsipləri əsasında fəaliyyət göstərirlər.

“‘Siyasi dialoq bütün səviyyələrdə qənaətbəxş surətdə aparılır,
əməkdaşlığın çoxsaylı istiqamətləri isə bir sıra ikitərəfli
sazişlər və memorandumları əhatə edən sabit müqavilə və
institusional baza üzərində qurulub. Bu kontekstdə Azərbaycanın son
səfəri mövcud əməkdaşlıq formalarını qiymətləndirmək və əlavə
inkişaf potensialı olan istiqamətləri müəyyən etmək imkanı yaratdı.
Xüsusilə irəliləyişin əhəmiyyətli addımı kimi iki ölkənin xarici
işlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlıq
Memorandumunun imzalanması qeyd oluna bilər ki, bu da institusional
əməkdaşlığın daha da təkmilləşdirilməsinə və vətəndaşlara təqdim
olunan xidmətlərin keyfiyyətinin artırılmasına töhfə verir’”, –
hökumət sədrinin müavini bildirib.

O əlavə etdi ki, əməkdaşlığın vacib seqmenti çoxtərəfli
səviyyədə xüsusilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində,
beynəlxalq təşkilatlarda və forumlarda namizədliklərin
koordinasiyası və qarşılıqlı dəstəyi vasitəsilə həyata
keçirilir.

“Mən parlament səviyyəsində qarşılıqlı fəaliyyətin
aktivləşdirilməsi, parlamentlərarası dostluq qruplarının fəaliyyəti
və yüksək səviyyəli səfərlərin mübadiləsi vasitəsilə, həmçinin
qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın daha da inkişaf
etdirilməsi yolu ilə diplomatik əlaqələrin gücləndirilməsi üçün
əlavə potensial görürəm. Xarici işlər nazirlikləri arasında
müntəzəm ikitərəfli siyasi müşavirələr və konsulluq müşavirələri
diplomatik əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir, fikir
mübadiləsinin davamlı təmin olunmasını, institusional əməkdaşlığın
genişləndirilməsini və hər iki ölkə vətəndaşları üçün əhəmiyyət
daşıyan məsələlərin daha səmərəli həllini təmin edir. Bu
mexanizmlər açıq dialoqa və qarşılıqlı etimadın dərinləşdirilməsinə
ümumi sadiqliyimizi təsdiqləyir. Belə kompleks yanaşma sayəsində
Monteneqro və Azərbaycan siyasi, institusional və ikitərəfli
əlaqələri dövlətlərimiz və vətəndaşlarımızın xeyrinə bütövlükdə
daha da gücləndirə bilərlər” – o əlavə edib.

İbrahimoviç vurğulayıb ki, ötən il ərzində hər iki ölkə
dövlətlərarası dostluğun daha da inkişafına töhfə verəcək konkret
tədbirlərin təşkili üçün zəruri şərait yaradıb.

“Buna görə də biz Monteneqronun müstəqilliyinin bərpasının 20
illiyini qeyd edəcəyi 2026-cı ilə nikbinliklə baxırıq. Bu yubiley
Monteneqro ilə Azərbaycan arasında əməkdaşlığı daha da
möhkəmləndirəcək bir sıra konkret təşəbbüs və tədbirlərin həyata
keçirilməsi üçün imkan yaradacaq. Bu kontekstdə siyasi dialoqun və
yüksək səviyyəli səfərlərin davam etdirilməsi ilə bağlı bəyanatları
alqışlayırıq. Bu səfərlər hazırda hazırlanma mərhələsində olan və
kənd təsərrüfatı, enerji , habelə ikiqat vergitutmanın qarşısının
alınması kimi sahələri əhatə edən əməkdaşlıq sazişlərinin
imzalanması üçün imkanlar yaradacaq”, – deyə hökumət sədrinin
müavini bildirib.




O, 2026-cı ilin mart ayının birinci yarısına planlaşdırılan
İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü sessiyasının
keçirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

“Bu sessiya mövcud əməkdaşlığın hərtərəfli təhlili və
energetika, turizm və investisiyalar, eləcə də təhsil, elm,
innovasiyalar və texnologiyalar, dövlət idarəçiliyi və
rəqəmsallaşma kimi sahələrdə gələcək tədbirlərin
konkretləşdirilməsi üçün mühüm imkan olacaq”, – deyə İbrahimoviç
qeyd edib.

O, həmçinin mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf
etdirilməsi, eləcə də iki ölkənin universitetləri və akademik
qurumları arasında əlaqələrin möhkəmləndirilməsi üçün potensial
gördüyünü bildirib.

“Bu kontekstdə Monteneqro Xarici İşlər Nazirliyinin Diplomatik
Akademiyası ilə Azərbaycanın ADA Universiteti arasında artıq
imzalanmış əməkdaşlıq sazişini qeyd etmək istərdim. Həmin sənəd
gənc diplomatların mübadiləsini, birgə konfransların təşkili və
müəllim mübadiləsini nəzərdə tutur.

Bundan əlavə, hesab edirəm ki, birbaşa hava nəqliyyatı
əlaqələrinin inkişafı ölkələrimiz arasında münasibətlərin ümumi
səviyyəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Monteneqro və
Azərbaycanın aviaşirkətləri arasında əməkdaşlıq çərçivəsində ilboyu
müntəzəm reyslərin yaradılması turizmin, biznes əlaqələrinin və
ümumilikdə insanlar arasında təmasların inkişafı üçün güclü bir
stimul olacaq. Bu tədbir və təşəbbüslərin həyata keçirilməsi
ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək və
Monteneqro ilə Azərbaycan arasında uzunmüddətli və məzmunlu
əməkdaşlıq üçün yeni imkanlar açacaq”, – deyə hökumət sədrinin
müavini əlavə edib.

Qarşılıqlı investisiya imkanları

İbrahimoviç qeyd edib ki, Monteneqro Azərbaycanın regional və
qlobal iqtisadiyyatda strateji mərkəz kimi artan rolunu dərk edir
və bunu alqışlayır.

“Monteneqronun Bakıda keçirilən Birinci Beynəlxalq İnvestisiya
Forumunda iştirakı Azərbaycanın iqtisadiyyatını şaxələndirmək
niyyətini, eləcə də bizim müxtəlif sahələrdə mövcud investisiya
imkanlarından yararlanmağa hazır olduğumuzu nümayiş etdirir. Biz
hesab edirik ki, regionda sabitlik, sülh və dayanıqlı inkişaf, o
cümlədən Qarabağın bərpası və inkişafı investisiyalar üçün
əlverişli mühit yaradır. Gözləyirik ki, Azərbaycan bazarı
Monteneqrolu investorların, xüsusən də imkanlarını gücləndirərək və
regional əməkdaşlıq vasitəsilə tələbkar investisiya bazarında
etibarlı iştirakçılara çevrilməyə çalışan investorların diqqətini
cəlb edəcək”, – deyə o bildirib.

Baş nazirin müavini hesab edir ki, investisiyalar üçün xüsusilə
perspektivli sahələr energetika, infrastruktur, innovasiyalar,
“yaşıl” enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf
prinsiplərinə əsaslanan layihələrdir.

O əlavə edib ki, Azərbaycanın investisiya imkanlarının
Monteneqroda əlavə təşviqi işgüzar dairələrin daha yaxşı
məlumatlandırılmasına və ölkələrimiz arasında iqtisadi əlaqələri
möhkəmləndirəcək konkret investisiyaların stimullaşdırılmasına
əhəmiyyətli töhfə verə bilər.

“Bu kontekstdə iki ölkənin institutlarını, biznes dairələrini və
investorlarını birləşdirən iqtisadi diplomatiya xüsusi əhəmiyyət
kəsb edir. Əməkdaşlığın bu aspektləri qarşıdan gələn İqtisadi
Əməkdaşlıq üzrə Birgə Komissiyanın sessiyası çərçivəsində əlavə
müzakirə olunacaq”, – deyə İbahrimoviç vurğulayıb.

O qeyd edib ki, energetika sektorunda əməkdaşlığın
dərinləşdirilməsi ilə yanaşı, Monteneqro Azərbaycan investisiyaları
üçün ölkənin iqtisadi inkişafının əsas sahələrindən biri olan
turizmdə də geniş imkanlar görür.

“Monteneqro və Azərbaycan hökumətləri arasında 2011-ci ildə
imzalanmış turizm sahəsində əməkdaşlıq haqqında mövcud Saziş
gələcək investisiyalar və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi
üçün hüquqi baza yaradır. Xeyli sayda azərbaycanlı turist
Monteneqroya səfər edir və gəlişlərin, eləcə də gecələmələrin
sayında sabit artım müşahidə olunur ki, bu da Monteneqronun turizm
istiqaməti kimi artan nüfuzunu təsdiqləyir. Bakı ilə Podqoritsa və
ya Tivat arasında birbaşa reyslər əlçatanlığı daha da asanlaşdırır
və turizm, eləcə də iqtisadi əlaqəliliyi gücləndirir.

“Monteneqroda investisiyaların keyfiyyətindən danışarkən, mən
həmişə məmnuniyyətlə Portonovi lüks kompleksinə yatırımı qeyd
edirəm. Bu, Monteneqroda ən əhəmiyyətli və tanınmış Azərbaycan
investisiyalarından biridir və ölkələrimiz arasında uğurlu
əməkdaşlığın rəmzinə çevrilib. Bu investisiya turizmin inkişafına
mühüm töhfə verib, Monteneqronun beynəlxalq tanınmasını artırıb və
onun prestijli turizm istiqaməti kimi mövqeyini gücləndirib. Biz bu
cür nümunələri gələcək layihələr və azərbaycanlı investorlarla yeni
tərəfdaşlıqlar vasitəsilə dəstəkləmək istədiyimiz model kimi
dəyərləndiririk”, – deyə baş nazirin müavini bildirib.

O vurğulayıb ki, turizm və energetika ilə yanaşı, Monteneqro
infrastruktur layihələrində, tibbi və konqres turizmində, həmçinin
milli parklarda və ölkənin şimal regionlarında dayanıqlı inkişaf
layihələrində də Azərbaycan investisiyalarını görmək istərdi.

“Bar–Bolyaare avtomagistralı kimi əsas infrastruktur
obyektlərinin inşası əlavə investisiya imkanları açır və daha az
inkişaf etmiş regionların əlçatanlığını artırır”, – deyə
İbahrimoviç qeyd edib.

O əlavə edib ki, Monteneqronun NATO-ya üzvlüyü və Avropa
İttifaqına gözlənilən üzvlüyü investorların etimadını daha da
möhkəmləndirir və ölkənin investisiyalar üçün sabit, təhlükəsiz və
proqnozlaşdırıla bilən mühit olduğunu təsdiqləyir.

“Monteneqro hökuməti bütün ciddi və məsuliyyətli investisiyaları
prinsipial olaraq dəstəkləyir və artıq həyata keçirilmiş Azərbaycan
layihələri üzrə təcrübə göstərir ki, birgə təşəbbüslər ölkələrimiz
arasında ümumi iqtisadi əməkdaşlığın əhəmiyyətli dərəcədə
inkişafına töhfə verə bilər”, – deyə hökumət sədrinin müavini
vurğulayıb.

Azərbaycanın NATO ilə əlaqələrinin möhkəmləndirilməsində
Monteneqronun rolu

İbrahimoviç vurğulayıb ki, Azərbaycan NATO-nun mühüm
tərəfdaşıdır və Alyans siyasi dialoq, təhlükəsizlik sektorunun
islahatı və silahlı qüvvələrin uyğunluğunun artırılması
istiqamətində səylər vasitəsilə sabit və uzunmüddətli münasibətləri
davam etdirir.

“Bu tərəfdaşlıq müdafiə sahəsində əməkdaşlıq, təhlükəsizlik
islahatları və korrupsiyaya qarşı mübarizə üzrə prioritetləri
müəyyənlləşdirən Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (IPAP)
vasitəsilə əlavə olaraq möhkəmləndirilib. 2025-ci ilin noyabrında
Monteneqro da daxil olmaqla NATO-nun daimi nümayəndələrindən ibarət
nümayəndə heyətinin ilk dəfə Azərbaycana səfər etməsini məmnunluqla
qarşıladıq. Bu səfər siyasi dialoqu dərinləşdirmək və NATO-nun Bakı
ilə tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləmək, eyni zamanda
Azərbaycanın Qafqaz regionunda sabitliyin əsas amillərindən biri
kimi rolunu tanımaq üçün əla fürsət oldu”, – deyə baş nazirin
müavini bildirib.

O, həmçinin Monteneqronun Azərbaycanın NATO ilə terrorizmə qarşı
mübarizə üzrə Təlim Mərkəzinin yaradılması sahəsində əməkdaşlığını,
eləcə də Avroatlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi
(EADRCC) vasitəsilə NATO-nun mülki hazırlıq və fövqəladə halların
idarə olunması proqramlarında iştirakını alqışladığını qeyd
edib.

“Düşünürəm ki, Monteneqro bu sahələrdə müdafiə və mülki
imkanların gücləndirilməsi istiqamətində həm NATO çərçivəsində, həm
də ikitərəfli təşəbbüslər vasitəsilə Azərbaycanla fəal əməkdaşlıq
edə bilər”, – deyə İbrahimoviç yekunlaşdırıb.