Ürək sağlamlığı üçün gəzinti vərdişlərinin əhəmiyyəti açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Madrid Avropa Universitetinin tədqiqatçıları müəyyən ediblər ki,
gün ərzində bir neçə qısa gəzinti etməkdənsə, bir uzunmüddətli
gəzinti ürək sağlamlığı baxımından daha səmərəlidir.

Trend-in
məlumatına görə, araşdırmanın nəticələri “Annals of Internal
Medicine” elmi jurnalında dərc edilib.




Alimlər fiziki aktivliyə dair məlumatları təhlil edərək onları
ölüm göstəriciləri və ürək-damar xəstəlikləri ilə müqayisə ediblər.
Tədqiqatda gündə orta hesabla 8 min addımdan az yeriyən, həmçinin
tədqiqatın başlanğıcında ürək-damar xəstəlikləri və ya xərçəng
diaqnozu olmayan şəxslər iştirak ediblər.

Təxminən onillik müşahidə dövründə 735 ölüm halı və 3 119
ürək-damar hadisəsi, o cümlədən infarkt və insult qeydə alınıb.
Aparılan təhlil göstərib ki, gəzinti forması mühüm rol oynayır.
Fiziki aktivliyi əsasən çox qısa hərəkətlərlə məhdudlaşan şəxslərdə
risk daha yüksək olub. Beş dəqiqədən az davam edən gəzintilər ölüm
hallarının və ürək-damar fəsadlarının artması ilə
əlaqələndirilib.