Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində iştirak ediblər

Baş səhifə

Bakı. Trend:

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni
il ərəfəsində uşaqlar üçün bayram şənliyi təşkil olunub.

Trend xəbər verir ki,
tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media
Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak
ediblər.

Müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan,
sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar
üçün təşkil olunan şənliyin əsas məqsədi azyaşlılar üçün bayram
əhvali-ruhiyyəsi yaratmaq, onlara sevinc dolu anlar yaşatmaq
olub.

Bayram proqramı çərçivəsində balacalar üçün Yeni il
personajlarının və sevimli nağıl qəhrəmanlarının iştirakı ilə
əyləncəli oyunlar, interaktiv tədbirlər və musiqili proqramlar
təşkil olunub.

Tədbir zamanı, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar
üçün bu il hazırlanan “Göyərçin” jurnalının Yeni ilə həsr olunmuş
xüsusi buraxılışı da təqdim olunub. 1958-ci ildən etibarən nəşr
olunan “Göyərçin” jurnalı ibtidai sinif şagirdləri və məktəbəqədər
yaş qrupuna aid olan azyaşlı oxucular üçün aylıq jurnal kimi çap
edilir. Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi, professor
Rafiq Yusifoğludur. Bayram şənliyi çərçivəsində təqdim edilən bu
nəşr tədbirdə iştirak edən uşaqlar tərəfindən böyük maraqla
qarşılanıb.




Şənlik zamanı “Göyərçin” jurnalından nağıl və şeirlər
səsləndirilib, uşaqlar müxtəlif müsabiqə və oyunlarda fəal iştirak
ediblər.

Şənlikdə iştirak edən Xalq artisti Faiq Ağayev öz repertuarından
mahnılar ifa edib, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva
uşaqlarla birgə rəqs edib, əyləniblər.

Bugünkü şənlik Xalq artistinin doğum gününə təsadüf etdiyindən
o, bu özəl gününü uşaqlarla birgə qeyd edib, onlarla tort
üzərindəki şamları üfürüb.

Şənlik zamanı, həmçinin 2 və 3 saylı uşaq evləri sosial xidmət
müəssisələrinin sakinləri öz rəqs məharətlərini nümayiş
etdiriblər.

Sonda uşaqlarla birgə tort kəsilib, onlara müxtəlif bayram
hədiyyələri təqdim edilib. Bununla yanaşı, uşaqlara “Göyərçin”
jurnalının xüsusi buraxılışı da hədiyyə olunub.