- 23 dekabr, 2025
- 14:38

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdindəki Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) media nümayəndələri üçün kibermaarifləndirmə təlimi təşkil olunub.
Təlim Mərkəzin “CyberCollab” layihəsi çərçivəsində həyata keçirilib.
Təlimin əsas məqsədi rəqəmsallaşan dünyada mövcud kibertəhdidlərə qarşı media nümayəndələrinin məlumatlılığını artırmaq, media qurumlarına yönələn hücum növləri və onlardan qorunma yolları barədə praktiki biliklər təqdim etmək olub.
Təlimdə İRİA-nın informasiya təhlükəsizliyi üzrə ekspertləri sessiyalar keçirib. Sessiyalarda aktual kibertəhdidlər, sosial mühəndislik hücumları üzrə real nümunələr, rəqəmsal təhlükəsizliyin təmin olunması ilə bağlı tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda son dövrlərdə geniş istifadə olunan süni intellekt əsaslı platformalardan istifadə zamanı kibertəhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyi barədə ətraflı məlumat verilib.
İRİA və AKM-in təşəbbüsü ilə cari il ərzində media nümayəndələrinin kiberməlumatlılığının artırılması məqsədilə artıq üçüncü belə tədbir həyata keçirilir. Ümumilikdə, il ərzində 100-dən çox media nümayəndəsi bu təlimlərə cəlb olunub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


