“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır

Baş səhifə

Bakı. Trend:

Sabahdan etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində
“Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə sayca 8-ci
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayır. Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə
təşkil olunan yarmarka 30 dekabr tarixinədək 10 gün müddətində
davam edəcək.

Trend xəbər verir ki, bu
barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yarmarkanın əsas məqsədi kiçik və orta fermer
təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını
dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və
bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib
qiymətə məhsullarla təmin etməkdir.




Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer,
təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini
satışa çıxaracaq. Yarmarkada satışa çıxarılan məhsulların
keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.
Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar
yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət
edərək məhsuldan analiz verə bilərlər.

Qeyd edək ki, fermerlər yarmarkada satış üçün yer, piştaxta,
tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz təmin
olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5
(“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı)
ünvanında fəaliyyət göstərir.