
Bakı. Trend:
Azərbaycan və Qətər arasında əməkdaşlığın daha da
möhkəmləndirilməsi üçün mühüm imkanlar mövcuddur.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri
Kəmaləddin Heydərov Bakıda Qətərin Milli Günü münasibətilə təşkil
olunan rəsmi qəbul zamanı bildirib.
Nazir bildirib ki, xüsusilə nəqliyyat və logistika sahələrində
birgə səylərin fəallaşdırılması, Azərbaycanın tranzit
potensialından istifadənin genişləndirilməsi, həmçinin maliyyə,
təhsil, mədəniyyət və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın
gücləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir və strateji
tərəfdaşlığa yeni təkan vermiş olacaq.
K.Heydərov qeyd edib ki, yüksək səviyyəli müntəzəm təmaslar və
institusional səviyyədə aparılan siyasi məsləhətləşmələr
tərəfdaşlığın möhkəmlənməsində, eləcə də ölkələr arasında
əməkdaşlığın sabit və çoxşaxəli şəkildə inkişafında mühüm rol
oynayıb.
Nazirin sözlərinə görə, son illərdə Qətər ardıcıl və
transformativ inkişaf yolu seçərək regionun ən dinamik inkişaf edən
dövlətlərindən birinə çevrilib.
“Qətər Milli Strategiyası 2030”un həyata keçirilməsi
iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun
modernləşdirilməsi, eləcə də təhsil, turizm və innovasiyalar kimi
sahələrin inkişafı üçün yeni imkanlar açıb. Bu gün Qətər qlobal
enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, humanitar
əməkdaşlığın təşviqində və dövlətlərarası dialoqun inkişafında
beynəlxalq proseslərin fəal iştirakçısı kimi mühüm rol oynayır”, –
deyə nazir vurğulayıb.
Nazir vurğulayıb ki, Qətərin sabit və dinamik inkişafı
Azərbaycanla ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi
və əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi
baxımından möhkəm zəmin yaradıb.
“Bu kontekstdə Azərbaycan Respublikası hökuməti ilə Qətər
Dövləti hökuməti arasında fəaliyyət göstərən birgə iqtisadi,
ticarət və texniki komissiya iqtisadi əməkdaşlığın inkişafı üçün
əsas institusional mexanizm rolunu oynayır”, – deyə o qeyd
edib.
Nazir bildirib ki, bu ilin noyabr ayında keçirilmiş Komissiyanın
dördüncü iclası ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi
baxımından mühüm mərhələ olub.


