Soydaşlarımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anırlar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Soydaşlarımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini müxtəlif
tədbirlərlə anmaqda davam edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, Türkiyədə Heydər Əliyevin adına İğdır Fənn Liseyində
Ümummilli Liderin vəfatının 22-ci ildönümünə həsr olunan tədbir
keçirilib.

Tədbir Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası
(TADEF), İğdır Azərbaycan Evi Dərnəyi və Heydər Əliyev Fənn
Liseyinin birgə təşkilatçılığı ilə baş tutub. İğdır Azərbaycan Evi
Dərnəyinin sədri Sərdar Ünsal və Heydər Əliyev Fənn Liseyinin
direktoru Yavuz Bağcı tədbirdə çıxış ediblər. Onlar Ulu Öndər
Heydər Əliyevin Türk dünyasındakı rolundan danışıblar. Ümummilli
Liderin siyasi iradəsi və zəngin təcrübəsinin müstəqil və güclü
Azərbaycan dövlətinin formalaşmasında həlledici rol oynadığını
söyləyiblər. Azərbaycanın çətin dövrlərdən çıxaraq güclənməsinin
Heydər Əliyevin bilik və uzaqgörənliyi sayəsində mümkün olduğu
xatırladılıb. Prezident İlham Əliyevin bu siyasi xətti uğurla davam
etdirdiyi bildirilib və 30 ilə yaxın işğal altında qalan Qarabağın
azad edilməsi Azərbaycanın ən böyük nailiyyətlərindən biri kimi
dəyərləndirilib. Məktəbin Heydər Əliyevin adını daşımasının qürur
verici olduğu vurğulanıb. Liseyin şagirdləri Nursena Kurt tədbirdə
Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan təqdimatla çıxış
edib, Yiğit Yazkan isə Ümummilli Liderə ithaf olunan şeir
səsləndirib.




Qırğızıstanın Bişkek şəhərində, həmçinin Dostluq və
Novonikolaevka kəndlərində fəaliyyət göstərən həftəsonu Azərbaycan
dili məktəblərində müasir Azərbaycan dövlətinin banisi, Ümummilli
Lider Heydər Əliyevin anım gününə həsr olunan açıq dərslər
keçirilib. Müəllimlər Ümummilli Liderin həyat yolu, dövlətçilik
düşüncəsi, uzaqgörən siyasəti, müstəqil Azərbaycanın formalaşması
və inkişafındakı müstəsna xidmətləri barədə ətraflı danışıblar. Ulu
Öndərin milli kimliyin qorunması, mədəniyyət və təhsilin inkişafı,
həmçinin ölkənin beynəlxalq nüfuzunun artırılmasındakı rolu xüsusi
vurğulanıb. Həftəsonu məktəblərində bu cür tədbirlərin təşkili
diaspor mühitində Azərbaycan dilinin və mədəniyyətinin qorunmasına,
uşaqlarda tarixi Vətənə və onun görkəmli şəxsiyyətlərinə qarşı
qürur hissinin formalaşmasına xidmət edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində
fəaliyyət göstərən “Qafqaz arena” klubunun təşkilatçılığı ilə
Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalında isə Ümummilli
Lider Heydər Əliyevin anım gününə həsr olunan kikboks turniri
keçirilib. Turnirdə 150 yeniyetmə idmançı mübarizə aparıb. “Qafqaz
arena” klubunun rəhbəri Yavər Məmmədov turnirin açılış mərasimində
Ulu Öndərin idmanın inkişafına, gənclərə dəstəyindən danışıb,
Gürcüstan azərbaycanlılarına daim diqqət və qayğı göstərdiyini qeyd
edib. Eyni zamanda, rəhbərlik etdiyi klubun Azərbaycan, Gürcüstan
və digər ölkələrdə idmanın inkişafına töhfə verdiyini, gənc
idmançıların formalaşmasına dəstək məqsədilə müxtəlif yarış və
çempionatlar keçirdiyini bildirib. Klubun fəaliyyətinin cüdo
federasiyaları (Azərbaycan Cüdo Federasiyası) və yerli icra
hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini və
əsas məqsədinin sağlam həyat tərzinin təşviqi olduğunu vurğulayıb.
Turnirin sonunda fərqlənən idmançılara medal, diplom və qiymətli
hədiyyələr təqdim edilib.