
Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında
İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin
dəstəyi ilə “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida
təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda
ictimai müzakirə keçirilib.
Trend xəbər
verir ki, “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası
Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və s. dövlət
qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq
sahədə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari tədbirin
məqsədinin süd və ət istehsalı sahəsində mövcud vəziyyətin
müzakirəsi, bu sahədə fəaliyyət göstərən sahibkarların fikir və
təkliflərinin dinlənilməsi, eləcə də qida təhlükəsizliyi ilə bağlı
məsələlər üzrə qarşılıqlı fikir mübadiləsinin aparılması olduğunu
bildirib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki,
dövlət tərəfindən heyvandarlıq sektorunun inkişafının
stimullaşdırılması məqsədilə sistemli dəstək mexanizmləri tətbiq
olunur. 2021–2025-ci illər ərzində 25 615 baş iribuynuzlu və 8
mindən artıq xırdabuynuzlu damazlıq heyvanın alınmasına 89,8 milyon
manat məbləğində güzəşt tətbiq edilib, eyni zamanda 10 mindən artıq
təsərrüfat subyektinə 128 milyon manatdan çox aşağı faizli güzəştli
kreditlər təqdim olunub. Xüsusi təhlükəli xəstəliklərə qarşı
peyvəndləmə tədbirləri isə tam şəkildə dövlət büdcəsi hesabına
həyata keçirilir. Nazir vurğulayıb ki, işğaldan azad olunmuş
ərazilər heyvandarlığın inkişafı baxımından mühüm potensiala
malikdir və bu ərazilərdə sektorun təşkili və inkişafı üzrə
məqsədyönlü siyasət tədbirləri ardıcıl şəkildə icra
olunmaqdadır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov süd və ət
istehsalının qida təhlükəsizliyi baxımından strateji əhəmiyyətini
vurğulayaraq, bu sahədə mövcud çağırışlara və məsələlərə sistemli
yanaşmanın önəmini qeyd edib. O, yem bazası, baytarlıq nəzarəti,
istehsal və tədarük zəncirinin təşkili, standartlara uyğunluq və
maarifləndirmə kimi amillərin bir-biri ilə sıx əlaqədə olduğunu
vurğulayıb. Bildirilib ki, süd və ət sektorunda fəaliyyət göstərən
mikro və kiçik sahibkarlıq subyektlərinin dayanıqlılığının təmin
olunması regionların sosial-iqtisadi inkişafı və məşğulluğun
artırılması baxımından vacibdir.
Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
heyvandarlıq sektorunun inkişafı üzrə dövlət siyasətinə və
hədəflərə dair təqdimat keçirilib, sahibkarların təklifləri
dinlənilib və sualları cavablandırılıb.

