
Bakı. Trend:
Dekabrın 17-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil
Babayev BMT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin
rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı səlahiyyət
müddətinin bitməsi münasibətilə qəbul edib.
Trend xəbər verir ki, bu
barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Görüşdə cari ilin oktyabr ayında Azərbaycan Respublikası
Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün
Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ətrafında
fikir mübadiləsi aparılıb. Sənədin milli inkişaf prioritetlərinə və
Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə uyğunluğu, eləcə də onun
praktiki nəticələrə çevrilməsi imkanları müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq
şəraitində hazırlanmış Çərçivə Sənədi “2022–2026 Sosial-İqtisadi
İnkişaf Strategiyası”na uyğun olaraq Azərbaycanda inklüziv iqtisadi
artımın təşviqi, insan inkişafının gücləndirilməsi, iqlim və
ekoloji dayanıqlığın artırılması, eləcə də “yaşıl artım” və
ədalətli keçid məqsədlərinə xidmət edən əsas platforma rolunu
oynayacaq.
Nazir Sahil Babayev Azərbaycanın milli inkişaf gündəliyinin və
dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində BMT-nin
müxtəlif ixtisaslaşmış qurumları ilə formalaşmış çoxşaxəli
tərəfdaşlığının əhəmiyyətli rol oynadığını vurğulayıb, həmçinin bu
tərəfdaşlığın daha da genişləndirilməsi və təşəbbüslərin səmərəli
icrası istiqamətində Azərbaycanın mövcud prioritetlərini qarşı
tərəfin diqqətinə çatdırıb.
Xanım V. Andreyeva Azərbaycanda dörd il yarımdan artıq davam
edən səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə
Azərbaycan Hökuməti arasında formalaşmış yüksək səviyyəli
tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkürünü bildirib. O, bu
əməkdaşlığın Azərbaycanda milli inkişaf gündəliyinin və dayanıqlı
inkişaf məqsədlərinin icrasında mühüm rol oynadığını qeyd edərək,
BMT-nin Azərbaycanla əməkdaşlığının, xüsusilə də “2026–2030-cu
illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə
Sənədi”nin icrası vasitəsilə davam etdirilməsinə sadiqliyini bir
daha vurğulayıb.
Sonda nazir S. Babayev rezident əlaqələndiricinin fəaliyyəti
dövründə BMT ilə Azərbaycan arasında münasibətlərin inkişafına
verdiyi töhfələri yüksək qiymətləndirib və ona gələcək işlərində
uğurlar arzulayıb.


