
Bakı.Trend:
Peşə təhsili müəssisələrində işəgötürənlərlə, eləcə də digər
sahə nümayəndələri ilə sıx əməkdaşlıq və birgə fəaliyyət prinsipi
olduqca əhəmiyyətlidir.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Peşə təhsili Dövlət Agentliyinin
direktor vəzifəsini icra edən Simnar Mamedov aqrar biznes
festivallarına həsr olunan yekun tədbirdə panel müzakirəsi zamanı
deyib.
“Regionlarımızda fəaliyyət göstərən iri müəssisələr mövcuddur.
Məsələn, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Dövlət Peşə
Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və digər bu
kimi müəssisələr regionda mühüm rol oynayır. Lənkəranda yaxın
zamanda müasir struktura malik yeni peşə təhsil mərkəzinin açılması
nəzərdə tutulur. Bu müəssisələr xüsusilə kənd təsərrüfatı
istiqamətində kadr hazırlığında əsas yükü daşıyır. Bu baxımdan
tərəfdaşlıq konteksti olduqca vacibdir”.
O qeyd edib ki, söhbət yalnız dövlət qurumları arasında
koordinasiyalı fəaliyyətdən deyil, eyni zamanda dövlət-özəl
tərəfdaşlığından gedir:
“Statistik məlumatlara nəzər saldıqda görürük ki, bu
əməkdaşlıqlar həm kəmiyyət, həm də keyfiyyət baxımından genişlənir.
Bu isə nəticəyönümlü və davamlı birgə fəaliyyətlərin formalaşmasına
şərait yaradır.
Peşə təhsili müəssisələrinin müxtəlif festivallarda və
yarmarkalarda iştirakı, öz məhsullarını nümayiş etdirməsi həmin
müəssisələrin istehsal zəncirində real paya malik olduğunu
göstərir. Eyni zamanda bu, regionun sosial-iqtisadi inkişafına
töhfə verən mühüm amildir”.
S.Mamedov qeyd edib ki, mütəmadi keçirilən tədqiqatlar və
konfranslarda ixtisaslı kadr çatışmazlığının ciddi problem olduğu
vurğulanır.
“Bu ehtiyacın mahiyyəti təhsil müəssisələri tərəfindən tam
şəkildə dərk olunmadıqda, əmək bazarının tələblərinə uyğunlaşmaq
çətinləşir. Qeyd etmək lazımdır ki, bugünkü tələblər sabah dəyişə
bilər. Texnologiyaların sürətli inkişafı bu dəyişikliklərin tədris
proqramlarına və bacarıqların formalaşdırılmasına operativ şəkildə
inteqrasiya olunmasını zəruri edir.
Bu baxımdan peşə təhsili sistemində fəaliyyət çevik və çevrəyə
uyğun şəkildə qurulmalıdır. Hüquqi kontekstdə də, peşə təhsili
haqqında qanunvericiliyə nəzər saldıqda görürük ki,
işəgötürənlərin, dövlət və özəl tərəfdaşların bu prosesdə iştirakı
nəzərdə tutulur. Tədris proqramlarının hazırlanmasında
işəgötürənlərin iştirakı, təhsil müəssisələrinin idarə olunmasında
maraqlı tərəflərin rol alması mühüm şərtdir”.
O əlavə edib ki, beynəlxalq təhlillər də bunu təsdiqləyir. Dünya
Bankı və Dünya İqtisadi Forumunun hesabatlarında kənd təsərrüfatı
və əlaqəli sahələrdə ixtisaslı kadrlara olan tələbatın artacağı
qeyd olunur:
“Bu səbəbdən fəaliyyətlərin daha koordinasiyalı, vahid yanaşma
əsasında təşkili böyük əhəmiyyət daşıyır və bu sahədə bilik əsaslı
inkişaf üçün geniş imkanlar mövcuddur”.


