“Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub

Baş səhifə

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ali təhsil müəssisələrində “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninq keçirib.

Bu barədə “Report”a BBMM-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimə Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Şəki Dövlət Regional Kolleci, ADNSU nəzdində Sənaye və Texnologiya Kollecindən ümumilikdə 35 müəllim qatılıb.

Treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Ziya Səmədli, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarov, BBMM-in şöbə müdirləri Yadigar Məmmədli, Rəşad İlyasov, baş məsləhətçi Araz Qurbanov, aparıcı məsləhətçi Şahnaz Abdullayeva və məsləhətçi Tahirə Ələsgərova mühazirə oxuyublar.

İştirakçılara “Multikulturalizmə giriş fənninin predmeti və əhəmiyyəti”, “Multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları”, “Zərdüştilik, yəhudilik, buddizm, konfutsiçilik, daosizm, sintoizm, hinduizm, caynizm, xristianlıq, islam, qədim türk inancları”, “Multikulturalizm və media”, “Etnik müxtəliflik və milli ideya”, “Müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi”, “Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi” və “Etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi, miqrant inteqrasiya siyasəti indeksi (MİPEX)” mövzularında mühazirələr təqdim edilib. Mövzulara dair mühazirə materialları müəllimlərə göndərilib.

Təlimlər zamanı geniş diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda treninqdə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, 2019-cu ilin sentyabrından etibarən Azərbaycanın bütün ali təhsil müəssisələrində bakalavriat səviyyəsində “Multikulturalizmə giriş” fənni tədris edilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də fənni tədris edən müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə ildə iki dəfə treninq keçirir.