
Bakı. Trend:
Məktəblərdə milli-mənəvi dəyərlərlə bağlı dərslərin
yaradılmasına böyük maraq olarsa, bu məsələ Dövlət Standartlarına
salına bilər.
Trend xəbər
verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin direktor müavini Vəfa Yaqublu bu gün Bakıda Elm və
Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı ilə “Dini düşüncə mədəniyyəti: pedaqoji
perspektivlər” mövzusunda keçirilən konfransda panel müzakirəsi
zamanı bildirib.
Onun sözlərinə görə, hazırda yeni Dövlət Standartları
hazırlanır:
“Belə bir dəyişiklik və ya əlavənin edilməsi üçün ümummilli
səviyyədə qəbul olunmuş qərar olmalı, bu qərar müvafiq qaydada
müzakirə edilərək normativ sənəd kimi təsdiqlənməlidir. Əgər bu
sahəyə ciddi ictimai maraq olarsa, hazırlanmaqda olan yeni Dövlət
Standartlarına əlavə edilə bilər”.

