
Bakı. Trend:
Dinlə dünyagörüşü bir-birini təkzib etmir.
Trend xəbər
verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin direktor müavini Vəfa Yaqublu bu gün Bakıda Elm və
Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti:
pedaqoji perspektivlər” konfransında, “Gənc nəslin milli-mənəvi
dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim
modelləri” adlı panel müzakirəsində çıxışında bildirib.
Onun sözlərinə görə, din vaxtilə təhsilin inkişafına töhfə
verib:
“Bizim məktəblərin rüşeymi Zərdüştlüyün təsiri ilə yaranıb. Bu
təsir altında Azərbaycanda təhsil mədəniyyəti formalaşıb və indiki
vəziyyətə çatıb. Din və dünyagörüşü bir-birini təkzib etmir.
Məktəblərdə faktları öyrədərkən, onlarla birlikdə onların daşıdığı
dəyərləri də öyrədirik. Dini düşüncəyə xurafat kimi yox, din
haqqında sosioloji elm kimi yanaşmaq lazımdır. Dini düşüncəni
mollalar yox, sosioloq-dinşünaslar təbliğ etməlidir”.

