“Bu il Xanuka Milad bayramına yaxın bir dövrə (14–22 dekabr) təsadüf edir və işığın qaranlıq üzərindəki sarsılmaz gücünü simvolizə edən, ümid və dözümlülük kimi oxşar bir mesaj daşıyır”.
APA xəbər verir ki, bu barədə İsrail Dövlətinin Azərbaycandakı Səfiri Ronen Krauszun Xanuka bayramı ilə əlaqədar məqaləsində deyilir.
Səfir xatırladıb ki, Xanuka Bayramının dərin tarixi əhəmiyyəti eramızdan əvvəl II əsrdə, bütün regionun, o cümlədən Yəhudiyanın qüdrətli yunan-suriya imperiyasının nəzarəti altında olduğu dövrə gedib çıxır.
“Makabilərin rəhbərliyi altında olan azsaylı, lakin qətiyyətli yəhudi xalqı bu güclü imperiyaya qarşı üsyan edərək İsrail Torpağını azad etdi və müstəqil yəhudi krallığını bərpa etdi. Xanuka azların çoxlara qalib gəlməsinin möcüzəvi zəfərini simvolizə edir. Bu, haqq inamlarının gücünə və insan ruhunun öz azadlığından imtina etməmək, yaxud kimliyi ilə kompromisə getməmək əzminə bir sübutdur.
Bu dözümlülük işıqların yandırılması mərasimi zamanı oxunan ənənəvi mahnılardan biri olan “Maos Tsur”da öz əksini tapır. Onun misraları yəhudi xalqının minilliklər boyu sağ qalma hekayəsini güclü şəkildə çatdırır, fironun ordusundan başlayaraq Babil, Fars, Yunan və nəhayət Roma imperiyalarına qədər onu məhv etməyə çalışan qüdrətli imperiyaları xatırladır.
Yəhudi xalqı nəhəng təhlükələrlə üzləşsə də, bir çox tarixi fırtınalardan sağ çıxmağı bacardı — bibliya dövrlərində balaca Davudun nəhəng Qolyata qarşı durması kimi — və müasir dövrə gəlib çatdıqda, öz qədim vətəni olan İsrail Torpağında yenidən müstəqilliyini bərpa etdi.
Azadlığa olan sevgi bu gün də İsrail Dövlətində canlıdır və ölkə qarşısına çıxan aşılmaz çətinliklərə baxmayaraq eyni qətiyyəti nümayiş etdirməyə davam edir.
Son illərdə bu qətiyyət yenidən qlobal cihad qüvvələri tərəfindən ciddi sınağa çəkilir — İran rejimindən və fələstinli HAMAS-dan tutmuş Livandakı Hizbullah və Yəməndəki husilərə qədər — və bütün dünyada onları dəstəkləyən, yeganə yəhudi dövlətini qeyri-legitimləşdirməyə, zəiflətməyə və nəticə etibarilə məhv etməyə çalışanlar mövcuddur.
Bəlkə də bu müasir təhdidlərin qədim dövrlərin təhlükələri ilə səsləşməsi təəccüblü deyil. Axı cihadçılar əksəriyyətin əsrlər əvvəl tərk etdiyi arxaik, repressiv və açıq-aşkar şər praktikalarına qayıtmağa can atırlar.
Bu səbəbdən, o zaman olduğu kimi, bu gün də azadlıq alovu həm İsrail Torpağında, həm də bütün azad dünyada qorunmalıdır.
Xanuka sadəcə bir bayram deyil; o, mühüm və ilhamverici bir dərsdir. Bu bayram bəşəriyyətə xatırladır ki, həddən artıq böyük problem, həddən artıq güclü imperiya və sarsılmaz, cəsarətli ümid işığını söndürəcək qədər qaranlıq bir gecə yoxdur.
Bu həftə menoranın ətrafında toplaşarkən biz sönməyən mesajdan nikbinlik və güc alacağıq: hamımızın dəyər verdiyi müsbət dəyərlərin simvolu olan işıq qaranlığı dağıtmaq və dünyanı daha yaxşıya doğru dəyişmək gücünə malikdir”, – səfir qeyd edib.

