Artritə qarşı effektiv təbii vasitə tapılıb

Baş səhifə

Bakı. Trend:

Braziliyalı alimlər xalq təbabətində geniş istifadə olunan
“Alternanthera littoralis” bitkisinin (yarpaqları tərəvəz kimi
yeyilir-red.) effektivliyi və təhlükəsizliyinə dair ilk dəfə
kompleks elmi sübutlar əldə ediblər.

Trend xəbər verir
ki, Journal of Ethnopharmacology (JE) jurnalında dərc olunan
tədqiqat göstərib ki, bitkinin yerüstü hissələrindən alınan
etanollu cövhər güclü iltihab əleyhinə, ağrıkəsici və antiartritik
təsirə malikdir.

Müəlliflər cövhəri siçanlar üzərində iltihab və artritin bir
neçə klassik modelində sınaqdan keçiriblər. Bütün hallarda preparat
oynaq şişkinliyini, ağrı həssaslığını, leykositlərin miqrasiyasını,
həmçinin mieloperoksidaza və azot oksidi kimi əsas iltihab
markerlərinin aktivliyini azaldıb.




Effektivlik baxımından ekstrakt standart iltihab əleyhinə
dərmanlarla müqayisə oluna biləcək səviyyədə olub.

Toksikoloji testlər göstərib ki, terapevtik dozalar zamanı
cövhər ciddi yan təsirlərə səbəb olmur. Yalnız yüksək dozalar
zamanı qaraciyər zədələnməsi əlamətləri olmadan
Alaninaminotransferaza (ALT) qaraciyər fermentinin səviyyəsində
orta artım müşahidə edilib. Müəlliflərin sözlərinə görə, əldə
olunan nəticələr “Alternanthera littoralis” bitkisinin ənənəvi
istifadəsini təsdiqləyir və onu iltihabi və oynaq xəstəliklərinə
qarşı yeni fitopreparatların hazırlanması üçün perspektivli əsas
kimi göstərir.