
Bakı. Trend:
“Baku Network” platformasında “Tofiq Abbasovla dialoq” analitik
videolayihəsinin növbəti buraxılışı yayımlanıb. Verilişin qonağı
Azərbaycanın Əməkdar rəssamı İnna Kostina olub.
Trend xəbər verir
ki, söhbətin əvvəlində rəssam qeyd edib ki, gərgin beynəlxalq
vəziyyətə baxmayaraq, bəşəriyyət mədəniyyət və mənəviyyat sayəsində
yenidən dirçəlmək qabiliyyətini daim qoruyub saxlayır.
“Biz incəsənət adamları, ruh haqqında düşünməli, irs
formalaşdırmalı və gözəllik və xeyirxahlıq vasitəsilə yeni nəsli
tərbiyə etməliyik”, – deyə o vurğulayıb.
İ. Kostina son sərgisi – “Möcüzələr zamanı” haqqında danışıb.
Sərgi ilk dəfə ABŞ-nin Oreqon ştatının Portlend şəhərində təqdim
olunub, daha sonra isə Bakıda, Qız Qalasının yaxınlığındakı
qalereyada uğurla nümayiş etdirilib. Ekspozisiyaya uşaqlıq dövrünün
işıqlı xatirələrinə həsr olunmuş, kiçik formatlı 60-dan çox əsər
daxil edilib.
“Xaricdə Azərbaycan incəsənətini təmsil edir və ölkəmiz haqqında
danışıram. Burada isə tamaşaçı məni artıq çoxdan tanıyır və hər
zaman yenilik gözləyir”, – deyə o qeyd edib.
Yaradıcılıq yanaşmasından danışan İ. Kostina vurğulayıb ki,
mənfi məzmunlu əsərlərdən şüurlu şəkildə imtina edib. “Bu gün dünya
həddindən artıq aqressivdir. Rəssam nurun daşıyıcısı olmalıdır, öz
ağırlığını tamaşaçının üzərinə yükləməməlidir”, – deyə o
bildirib.
Müharibə və işğal dövrünə toxunan İ. Kostina qeyd edib ki, həmin
illər qaçılmaz olaraq onun yaradıcılığında əks olunub. İkinci
Qarabağ müharibəsinin ilk günündə o, qırmızı ay təsvir olunan
tutqun bir mənzərə yaradıb, lakin Qələbədən sonra yaradıcılığı
yenidən işıqlı emosional tona qayıdıb.
Əsas vurğulardan biri mədəniyyət sahəsində əlaqələr mövzusu
olub. “Düşünürəm ki, mədəniyyətli, düşünən insanlar hər iki
tərəfdən addımlar atacaqlar”, – deyə İ. Kostina qeyd edib və qonşu
ölkələrin yaradıcı icmaları arasında dialoqun vacibliyini
vurğulayıb.
İ. Kostina nəsillərin davamlılığı məsələsinə də toxunub. O,
artıq 35 ildən çoxdur ki, “Yeddi parlaq kəpənək” uşaq studiyasına
rəhbərlik edir. Onun bir çox yetirmələri rəssam, memar və kino
rəssamı olublar, London və Nyu-Yorkda təhsil alıblar. Bundan əlavə,
o, uzun illər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs
deyib. “Bizim gözəl gəncliyimiz var, nəsillər arasında heç bir
münaqişə yoxdur. Mən tələbələrimi, xüsusilə qızları dəstəkləməyə
çalışıram. Onlar üçün, demək olar ki, ana kimiyəm”, – deyə İ.
Kostina vurğulayıb.
Verlişin tam videoyazısını oxuculara təqdim edirik:
Oxucuların diqqətinə verilişin tam videosunu təqdim edirik:

