AEBA baş direktoru tərəfindən hesabatların təkrarlanması reallığı dəyişdirmir – İran rəsmisi

Baş səhifə

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael
Qrossi tərəfindən İranın 60% dərəcəsində zənginləşdirdiyi 400 kq
uran haqda hesabatını təkrarlaması reallıqda hər hansı dəyişiklik
yaratmır.

Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.

Onun sözlərinə görə, AEBA baş direktoru davamlı şəkildə bir sıra
halları, cümlələri və hesabatları təkrarlayır. Bu məsələ mövcud
reallığı dəyişdirmir. Mövcud reallıq budur ki, İran Nüvə
Silahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvüdür. İran bu
üzvlüklə qorunma (safeguards) razılaşması çərçivəsində bütün
öhdəliyini anlayır və öhdəliyini yerinə yetirib.

Bəqai bildirib ki, AEBA baş direktorunun İranın yerinə bu
vəziyyətin səbəbkarlarına müəyyən məsələləri ünvanlaması
gözlənilir. Halbuki AEBA baş direktoru, həmçinin AEBA Direktorlar
Şurası İranın dincməqsədli nüvə obyektlərinin ABŞ və İsrail
tərəfindən vurulmasına hətta ötəri şəkildə münasibət bildirməkdən
çəkiniblər. Belə bir vəziyyətdə ədalətli mövqe sərgilənməyib və
mövqelər birtərəflidir. Bu mövqelər isə problemi həll edə
bilməz.

İran rəsmisi əlavə edib ki, AEBA baş direktoru agentliyin
əsasnaməsinə uyğun olaraq öz səlahiyyətlərinin vacibliyini qeyd
etməli və bu məsələlərə öz texniki baxışını yönəltməlidir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava
zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli
hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli
rəsmilər ölüb.




Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə
İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə
yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da
mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları
edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv
edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki
hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ
prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə
razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq
hücumların dayandırıldığını qeyd edib.