Bakı. Trend:
Massaçusets İctimai Səhiyyə Departamenti mətbəx tezgahlarında
istifadə olunan daş materiallarla təmas nəticəsində yaranan həyati
təhlükəli ağciyər xəstəliyinin ilk halının təsdiqləndiyini
açıqlayıb.
Trend xəbər verir
ki, bu barədə Fox News məlumat yayıb.
Məlumata görə, 14 il ərzində daş tezgahlarla işləyən 40 yaşlı
kişi silikoz xəstəliyindən vəfat edib. Bildirilir ki, o, daşların
cilalanması ilə məşğul olub və bu proses zamanı nəfəs almaq üçün
son dərəcə təhlükəli olan silisium tozu əmələ gəlib. Həmin toz
ağciyərlərə daxil olaraq ağciyər toxumasında çapıqlar yaradır.
Qeyd olunur ki, silikoz xəstəliyinin əsas simptomlarına öskürək,
nəfəs darlığı, yorğunluq və sinə ağrısı daxildir.
Rəsmilər vurğulayıblar ki, süni daşlarla işləyən şəxslərdə
silikozun inkişaf riski təbii daşlarla işləyənlərlə müqayisədə daha
yüksəkdir.

