
Bakı. Trend:
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində
Azərbaycan Respublikasında akkreditə olunan xarici dövlətlərin
Hərbi Attaşelik Aparatlarının əməkdaşları ilə cari ilin yekununa
dair toplantı keçirilib. Sözügedən toplantıda 28 ölkədən 41 nəfər
nümayəndə iştirak edib.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi
polkovnik Elçin Abdullayev çıxışı zamanı 44 günlük Vətən
müharibəsində qazanılan Qələbədən danışaraq bildirib ki, Azərbaycan
Respublikası bu Zəfər ilə tək suverenliyini və ərazi bütövlüyünü
bərpa etmədi, həm də beynəlxalq sülhə öz töhfəsini verdi və tarixi
ədaləti bərpa etdi. Əlavə olaraq, Azərbaycanın Vətən
müharibəsindəki Qələbəsinin təkcə Azərbaycan və Ermənistan xalqları
üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün sülhə xidmət etdiyi
bir daha vurğulanıb.
Toplantıda 2025-ci il ərzində ölkəmizdə hərbi əməkdaşlıq
çərçivəsində görülən işlərdən danışılıb, o cümlədən xarici
dövlətlərin hərbi attaşelərinin iştirakı ilə cari il noyabrın 8-də
Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci
ildönümünə həsr olunmuş Hərbi parad, ölkəmizin müxtəlif
bölgələrində, eyni zamanda işğaldan azad edilmiş rayonlarda bərpa,
yenidənqurma və inkişaf istiqamətində görülən işlərlə tanışlıq
məqsədilə təşkil edilmiş səfərlər barədə bir daha geniş məlumat
verilib. Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçinin
perspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb və
hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

