Bakı. Trend:
2025-ci ildə Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq
Paleolit arxeoloji ekspedisiyası Qarabağın Xocavənd rayonunda
yerləşən Azıx mağarasında tədqiqat aparıb. Tədqiqatlar Orhus
Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında həyata
keçirilib. Bu il aparılan tədqiqatların əsas məqsədi mağarada
təxminən 15 metrlik çöküntülərin stratigrafiyasını dəqiqləşdirmək;
bütün təbəqələrdən müxtəlif üsullarla nümunələr götürmək və
çöküntülərin təhlili üçün biomarkerlər götürmək olub. Nəticədə,
təhlil üçün 100 kiloqramdan artıq çəkidə 300-dən çox nümunə
götürülüb.
Trend xəbər
verir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə
bağlı hesabatında qeyd olunub.
“Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Tağlar
mağarasında Tokio Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə
əsasında tədqiqat aparılıb. Bu ilki tədqiqatın əsas nəticəsi
1968-ci ildən sonra ilk dəfə paleoantropoloji qalığın tapılması
hesab oluna bilər. Ehtimal olunur ki, bu, yaşı təxminən 80 min il
olan neandertal insana aid qalıqdır və hazırda tapıntı Yaponiyada
təhlil olunur. Həmçinin, ilk dəfə olaraq stratigrafiya baxımından
II və III təbəqələri ayıran sərhəd dəqiqliklə müəyyən edilib,
mağaranın ağız hissəsində qazılmamış, orta paleolit dövrünə aid
daha qədim təbəqələr aşkar edilib, radiokarbon və OSL analizləri
üçün 20-dən artıq nümunə götürülüb.
2025-ci il avqust ayında Azıx mağarasında Azərbaycan- Almaniya
beynəlxalq akademik araşdırma heyəti də tədqiqat aparıb. Cari ildə
Azıx 2 girişi ilə yanaşı əsas giriş olan Azıx 1-də II və V
təbəqələrdə qazıntılar aparılıb, həm Azıx 2, həm də Azıx 1-dən
arxeometrik və mikroskopik analizlər üçün nümunələr götürülüb.
Stratiqrafik-xronoloji tədqiqatlar üçün sediment və çöküntü
qatlarından OSL analizləri, paleo-ekosistem araşdırmaları üçün isə
geomorfoloji, mikromorfoloji analizlər məqsədilə nümunələr
götürülüb, Almaniya, Norveç və Danimarkaya göndərilib”, – hesabatda
qeyd olunub.

