Bakı. Trend:
Tailand Kral Hərbi Hava Qüvvələri sərhəd bölgələrində Kamboca
ordusunun artilleriya atəşinə cavab olaraq hava zərbələri həyata
keçirib.
Trend xəbər verir
ki, bu barədə Tailandın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hava zərbələri yalnız komanda məntəqələri,
pilotsuz uçan aparatların idarəetmə obyektləri, eləcə də silah və
sursat anbarlarına endirilib. Nazirlik vurğulayıb ki, zərbələr
zamanı heç bir mülki hədəf nəzərdə tutulmayıb.
Kral Hərbi Hava Qüvvələrinin sözçüsü Çakkrit Thammavişay
bildirib ki, kəşfiyyat tərəfindən qaçılmaz təhlükə təsdiqlənərsə,
hava qüvvələri Kamboca daxilində əməliyyatlar keçirməyə tam
hazırdır.
Xatırladaq ki, bundan əvvəl Kamboca qüvvələri ağır artilleriya
və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək,
Tailandın dörd sərhəd əyalətində yerləşən 12 mövqeyini intensiv
atəşə tutub. Tailand Kral Silahlı Qüvvələrinin Baş Qərargahı əlavə
edib ki, Kamboca hazırda sərhəd ərazilərinə 130 km mənzilli, 300 mm
çaplı raketlərlə təchiz edilmiş PHL-03 tipli çoxsaylı raket
buraxılış sistemləri yerləşdirir.

