
Milli Məclisin deputatı Fazil Mustafa ADP sədri Sərdar Cəlaloğlunun ittihamlarına cavab verib. Millət vəkili deyib ki, adının hazırda istintaq altında olan AXCP sədri Əli Kərimli ilə birlikdə hallandırılması məntiqsizdir.
Metbuat.az xəbər verir ki, Fazil Mustafa TV Musavat-a açıqlamasında Əli Kərimlinin və yaxın ətrafının xarici qüvvələrlə əməkdaşlığına dair mülahizələrin əsassız olmadığını bildirib. Deputat Kərimlinin həm Qərb dairələri, həm də İranla yaxşı münasibətlərinin olduğunu vurğulayıb: “Demokratiya Fondu və digər xarici donorlardan külli miqdarda qrant alıblar. Dövlət bunu özünə təhlükə gördüyü üçün araşdırma aparır. Hazırda istintaq gedir və nəticəni gözləmək vacibdir”.
Fazil Mustafa deyib ki, Sərdar Cəlaloğlu yaxın tarixi təhrif edir: “Mən heç vaxt Əli Kərimlinin müavini olmamışam. Elçibəyin köməkçisi, müşaviri, sonra da müavini işləmişəm. Əbülfəz bəy dünyasını dəyişəndən sonra isə hər kəslə halallaşıb partiyanı tərk etmişəm. Gedəndə partiyadan özümlə bir nəfər də aparmamışam”.
Fazil Mustafa özünün deyil, Müsavat Partiyasının Əli Kərimli ilə əməkdaşlıq etdiyini xatırladıb: “İsa Qəmbər Əli Kərimli ilə müqavilə imzalayandan sonra onunla əməkdaşlığa son qoydum”.
Nazim Hüseynzadə / Metbuat.az

