Paytaxtın bu küçələrinin kəsişməsində yeni layihə icra olunur

Baş səhifə

Bakı.Trend:

Həsən bəy Zərdabi küçəsi ilə Heydər Hüseynov küçəsinin
kəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəli
hərəkətin təşkili və piyadaların qeyd olunan küçələrdə təhlükəsiz
şəkildə hərəkətinin təmin edilməsi məqsədi ilə yeni layihə icra
olunur.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, buna qədər Heydər Hüseynov küçəsindən metronun
“20 Yanvar” stansiyası istiqamətində hərəkət olmadığından sürücülər
bu küçədən gəlib sağa dönərək Məmmədşərif Həmidov küçəsini
keçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar. Sözügedən
trayektoriya uzun məsafə qət edilməsinə və əlavə vaxt itkisinə
səbəb olurdu. Bundan əlavə, həmin ərazidə piyada keçidi
olmadığından piyadaların təhlükəsizliyi təmin olunmurdu.




Yeni layihəyə əsasən, sözügedən kəsişməyə işıqfor obyektləri
quraşdırılır. Bundan əlavə, Heydər Hüseynov küçəsindən metronun “20
Yanvar” stansiyası istiqamətində hərəkət təmin edilir.

Rəqəmsal əkiz simulyasiyalarından istifadə edilərək hazırlanmış
layihədə nəzərdə tutulan dəyişikliklər icra edilərək, piyada və
nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunur, eləcə
də piyadaların mobillik ehtiyacları qarşılanır.