Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2026-cı ilin fevral ayının əvvəlində illik təhlükəsizlik hesabatını dərc etməyi planlaşdırır.
“Report”un Cenevrəyə ezam olunmuş müxbirinin məlumatına görə, bunu IATA-nın əməliyyat fəaliyyəti, təhlükəsizlik və mühafizə üzrə baş vitse-prezidenti Nik Karin “IATA Global Media Day” tədbirində bildirib.
Onun sözlərinə görə, il ərzində bir neçə məlum insidentin baş verdiyinə baxmayaraq, ümumi təhlükəsizlik göstəriciləri sabit qalır.
“Əlbəttə, istənilən qəza həmişə təəssüf doğurur, lakin illik dinamikaya nəzər salsaq, rəqəmlər kifayət qədər qənaətbəxşdir”, – N.Karin qeyd edib.
Sərnişinlərin təxliyə zamanı əl yükünü özləri ilə götürməyə davam etməsi probleminə toxunan baş vitse-prezident təcili surətdə bu məsələnin həllinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
“Bu hadisə bəzi regionlar üçün səciyyəvi olsa da, tədricən qlobal problemə çevrilir. Təxliyə qaydalarına riayət etmənin vacibliyini izah etmək üçün sərnişinləri məlumatlandırma kampaniyası keçirməyi planlaşdırırıq. Bu məsələni ICAO Assambleyasında FAA (ABŞ Federal Mülki Aviasiya İdarəsi) ilə müzakirə etdik – onlar da narahatdırlar, çünki bu cür hallar ABŞ-də xüsusilə tez-tez baş verir. “90 saniyə” qaydasına indi demək olar ki, heç bir yerdə əməl olunmur. Buna görə də 2026-cı ildə buna xüsusi diqqət yetirmək niyyətindəyik: ilk olaraq məlumatlandırma kampaniyasından başlayacağıq, bunun ardınca təlim sessiyaları, vebinarlar və digər tədbirlər keçiriləcək. EASA (Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi) da bütün səylərimizi dəstəkləyir. Bundan əlavə, sərnişinlərin bu cür davranışının arxasında duran psixoloji səbəbləri daha yaxşı başa düşmək üçün mütəxəssislər cəlb etməyi planlaşdırırıq”, – o əlavə edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

