Bakı. Trend:
Avropa İttifaqı 2040-cı ilə qədər isitxana qazı emissiyalarını
1990-cı il səviyyəsindən 90% azaltmaq üçün qanuni qüvvəyə malik
olan iqlim razılaşmasına nail olub.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, Avropa Parlamenti və Aİ ölkələri bu
hədəfin qanun halına gəlməsi üçün onu ayrı-ayrılıqda
təsdiqləməlidir. Bu isə əvvəlcədən razılaşdırılmış sazişlərin
formal olaraq qəbul edilməsi deməkdir.
“Bu razılaşma göstərir ki, iqlim, rəqabət qabiliyyəti və
müstəqillik bir arada mümkündür. Bu, qlobal tərəfdaşlarımıza güclü
mesaj verir. Biz güclü, lakin real iqlim qanunu üzərində razılığa
gəldik,” – Aİ-nin iqlim komissarı Vopke Hoekstra bəyanatda
bildirib.
Qeyd edək ki, bu hədəf, aylarla davam edən danışıqlardan sonra
əldə olunmuş siyasi kompromisi əks etdirir. Polşa, Slovakiya və
Macarıstan kimi ölkələr daxili sənayelərinin yüksək enerji
xərcləri, ucuz Çin idxalı və ABŞ-ın tarifləri ilə üzləşdiyini əsas
gətirərək, karbon qazının daha dərindən azaldılmasına qarşı
çıxırdılar.
Digər Aİ üzvləri – Niderland, İspaniya və İsveç kimi ölkələr isə
ekstremal hava hadisələrinin daha da artması və “yaşıl
texnologiya”ların istehsalında Çinlə ayaqlaşma zərurətini iddialı
hədəflərin əsas səbəbi kimi göstərirdilər.
Müxalif tərəfləri razı salmaq üçün Aİ bəzi siyasi cəhətdən
həssas iqlim siyasətlərini də yumşaltmağa razılaşdı – məsələn,
yanacaq üçün karbon qiymətinin tətbiqini bir il ləngidərək 2028-ci
ilə qədər təxirə salıb.

