Pərviz Şahbazov: “TDT artıq geosiyasi mərkəzə və qlobal arenada vacib aktora çevrilir”

Baş səhifə
Pərviz Şahbazov: TDT artıq geosiyasi mərkəzə və qlobal arenada vacib aktora çevrilir

Pərviz Şahbazov

Türk Dövlətləri Təşkilatı (TDT) artıq geosiyasi mərkəzə və qlobal arenada vacib aktora çevrilir.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Enerji Nazirlərinin 5-ci iclasında şıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sarsılmaz Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi bu gün digər türk dövlətləri ilə münasibətlərimizdə də öz əksini taparaq türk dünyası ailəsinin formalaşmasına yol açması ilə qürur doğurur: “Dövlət başçılarının ölkələrimizin zəngin resurslarını, enerji və nəqliyyat potensialını Mərkəzi Asiyadan Avropaya uzanan geniş bir coğrafiyada səmərəli əməkdaşlığa yönəltmək, türk dövlətlərinin inkişafını təmin etmək və qardaşlıq bağlarını daha da möhkəmləndirmək istiqamətində nümayiş etdirdiyi strateji baxış və qətiyyətli siyasət Türk Dövlətləri Təşkilatının nüfuzunu və regional rolunu daha da artırır. Dövlət başçılarının Qəbələ Sammitinin türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini vurğulayan ruhda keçməsi də bunun bariz sübutudur”.

Nazir bildirib ki, Azərbaycanın təşkilata sədrlik etdiyi bu dövr Prezident İlham Əliyevin “XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır” çağırışına uyğun olaraq türk dövlətləri ilə strateji əlaqələrimizi bütün səviyyələrdə möhkəmləndirən proseslərlə müşayiət olunur: “Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayan Azərbaycanın bu yaxınlarda Mərkəzi Asiya əməkdaşlıq formatının tamhüquqlu üzvü olması ölkələrimizin vahid geosiyasi və geoiqtisadi region kimi inkişafını təsbit etməklə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın yeni institusional mərhələyə keçidini də rəsmiləşdirdi. Həmçinin Orta Dəhliz və Şimal-Cənub Dəhlizini tamamlayan yeni strateji nəqliyyat arteriyası kimi Zəngəzur Dəhlizinin açılması istiqamətində mühüm addımlar atılır ki, bu dəhliz türk dövlətlərinin birliyini daha da gücləndirəcək”.