
Bakı. Trend:
Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı
qaydalarda dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, əməyin mühafizəsi tədbirlərinin
maliyyələşdirilməsi həcmi və mənbəyi kollektiv müqavilədə müəyyən
edilir, həm də illik xərclərin miqdarı işçilərin əməyinin
ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən
az olmamalıdır.
Layihəyə əsasən, əməyin mühafizəsi tədbirlərinin
maliyyələşdirilməsi üzrə illik xərclərin miqdarı bilavasitə məhsul
istehsal edən və istehsalat sahələri olan müəssisələr və fiziki
şəxs olan işəgötürənlər üçün işçilərin əməyinin ödənilməsinə
xərclənən vəsaitin məbləğinin iki faizindən, digər
müəssisələr və fiziki şəxs olan işəgötürənlər üçün isə bir
faizindən az olmamalıdır.

