
Bakı. Trend:
Əmək haqqının verilməsi müddətləri ilə bağlı qaydalarda
dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, aylıq əmək haqqı işçilərə bir qayda
olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi
məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki
dəfə verilməlidir.
Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir
dəfədən az olmayan müddətdə verilməlidir.
Layihəyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az
olmayaraq verilməlidir.
Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə
bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən
çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.

