Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur – Deputat (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin deputatları Afət Həsənova, Fatma Yıldırım, Erkin
Qədirli və Şahin Seyidzadənin daxil olduğu parlament nümayəndə
heyəti Estoniyada rəsmi səfərdə olub.

A.Həsənova Trend-ə bildirib ki, səfər çərçivəsində
Azərbaycan–Estoniya parlamentlərarası dostluq qrupu Estoniya
parlamenti və hökumətinin yüksək vəzifəli nümayəndələri ilə bir
sıra görüşlər keçirib.

Onun sözlərinə görə, görüşlər səmimi və konstruktiv mühitdə baş
tutub, tərəflər parlament diplomatiyasının gücləndirilməsi,
qarşılıqlı siyasi dialoqun dərinləşdirilməsi və ikitərəfli
münasibətlərin inkişaf perspektivləri ətrafında geniş fikir
mübadiləsi aparıblar:

“Estoniya parlamentində (Riygikoqu) bir sıra görüşlər keçirdik.
Burada vitse-spiker Arvo Aller, Azərbaycanla parlamentlərarası
dostluq qrupunun sədri Riina Solman, Xarici əlaqələr komitəsinin
sədri Marko Mihkelson, spikerin müşaviri, Avropa Parlamentinin
keçmiş üzvü İndrek Tarand və digər parlamentarilərlə görüşərək,
parlamentlərarası əməkdaşlıq perspektivləri və digər məsələlər
ətrafında fikir mübadiləsi apardıq.

Həmçinin, Estoniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və
Mərkəzi Asiya Departamentinin baş direktoru Erika Ellamaa-Ots və
digər rəsmilərlə görüşlərdə iki ölkə arasında siyasi dialoqun
genişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq
doğuran məsələləri müzakirə etdik. Bu təmaslar iki ölkə arasında
əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş
etdirir.

Səfər zamanı siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlıq,
ticarət münasibətlərinin genişləndirilməsi, elm və təhsil sahəsində
birgə layihələr, mədəni mübadilə proqramları, eləcə də rəqəmsal
transformasiya və elektron hökumət sahəsində tərəfdaşlıq imkanları
xüsusi diqqət mərkəzində oldu. Estoniyanın bu sahədəki qabaqcıl
təcrübəsinin Azərbaycan üçün maraq doğurduğu vurğulandı”.

A.Həsənova əlavə edib ki, Azərbaycanda Estoniya səfirliyinin
fəaliyyəti ilə bağlı planlaşdırılan addımlar da müzakirə
olundu:

“Bu təşəbbüs ikitərəfli münasibətlərin diplomatik müstəvidə daha
da möhkəmləndirilməsinə, investisiya mühitinin genişləndirilməsinə
və humanitar sahədə əməkdaşlığın dərinləşməsinə mühüm töhfə
verəcək.
Mürəkkəb beynəlxalq siyasi şərait fonunda parlamentlərarası
əlaqələrin, qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin
əhəmiyyəti xüsusi vurğulandı. Tərəflər gələcəkdə birgə
təşəbbüslərin, ortaq layihələrin və institusional əməkdaşlığın
genişləndirilməsi barədə razılıq ifadə etdilər.
Səfərin nəticələrinin Azərbaycan və Estoniya arasında
münasibətlərin daha da inkişafına zəmin yaratdığı bildirildi.
Həmçinin qeyd olundu ki, 2026-cı il çərçivəsində bir sıra yeni
layihələrin həyata keçirilməsi nəzərdə tutulur və iki ölkə arasında
dostluq əlaqələrinin daha da möhkəmlənəcəyi gözlənilir”.