Bakı. Trend:
Azərbaycanda süni intellekt sahəsində mövqelərin
möhkəmləndirilməsi və qlobal rəqəmsal iqtisadiyyata inteqrasiya
istiqamətində mühüm addımlar atılır.
Trend xəbər
verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal İdarəetmə
şöbəsinin müdiri Anar Nərimanov bu gün Bakıda “Əqli mülkiyyət və
süni intellekt” mövzusunda keçiriIən beynəlxalq konfransda çıxışı
zamanı deyib.
Onun sözlərinə görə, kadr potensialının gücləndirilməsi və
əlverişli biznes mühitinin yaradılması bu strategiyanın əsas tərkib
hissələrindəndir.
“İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “Sənaye 4.0” hazırlıq
proqramının icrasına başlanılıb. Proqramın məqsədi sənaye
müəssisələrinin texnoloji və yaşıl transformasiyasını
sürətləndirməkdir. Bu çərçivədə müəssisələrin mövcud vəziyyəti
qiymətləndirilir, yol xəritələri hazırlanır, maliyyə dəstəyi və
güzəştli kreditlər təqdim olunur. Pilot mərhələdə artıq müsbət
nəticələr əldə olunub. Transformasiyanı daha da sürətləndirmək
məqsədilə “Sənaye 4.0” mərkəzinin yaradılması planlaşdırılır. Yeni
mərkəz sənaye müəssisələri, texnoloji təsisatlar, ali təhsil
ocaqları və innovasiya ekosistemi arasında əlaqələndirici rol
oynayacaq. Bu cür təşəbbüslər Azərbaycanın dayanıqlı, innovativ və
inklüziv iqtisadi modelə keçidini təmin edəcək. Ölkə artıq qlobal
texnoloji meylləri izləməklə kifayətlənmir, onların tətbiqi və
inkişafında aktiv iştirak edir”.

