Bakı. Trend:
Bakıda neft-qaz sənayesində mühüm əhəmiyyət daşıyan aktivlərin
təhlükəsizliyi və istismar etibarlılığı mövzusunda beynəlxalq
tədbir təşkil olunub.
Trend xəbər
verir ki, “Asset Integrity & Corrosion and Coatings Conference”
(Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı) adlı
konfrans sahə üzrə aparıcı mütəxəssisləri, şirkət rəhbərlərini və
texnologiya təminatçılarını bir araya gətirib.
Tədbir aktivlərin bütövlüyünün qorunması, korroziyaya qarşı
mübarizə və qoruyucu örtük texnologiyaları sahəsində mövcud
vəziyyətin və yeniliklərin müzakirəsinə həsr olunub. Konfrans
çərçivəsində sənayedə qarşıda duran risklər, texniki həllər və
beynəlxalq təcrübə iştirakçılara təqdim olunur.
Konfrans iki əsas istiqaməti əhatə edir: Aktivlərin Bütövlüyü
Konfransı və Korroziya və Örtüklər Konfransı. Proqrama texniki
sessiyalar, panel müzakirələri və şəbəkələşmə görüşləri daxildir.
Bu format mütəxəssislər arasında fikir mübadiləsini və əməkdaşlığın
genişləndirilməsini məqsəd qoyur.
Tədbirdə 20-dən çox ölkədən 500-dən artıq nümayəndə iştirak
edir. Konfransda 50-dən çox spiker çıxış edir, 25-dən artıq şirkət
texnoloji həllərini təqdim edir. Ümumilikdə 50-dən çox texniki
sessiya, bir neçə panel müzakirəsi və müxtəlif şəbəkələşmə
tədbirləri nəzərdə tutulub.
Konfransın əsas məqsədi Xəzər regionunda enerji sektorunun
davamlı inkişafına töhfə vermək, ətraf mühitin qorunması və
infrastrukturun etibarlı istismarına dair qabaqcıl təcrübələrin
tətbiqini təşviq etməkdir. Tədbir neft, qaz sahəsində fəaliyyət
göstərən mütəxəssislər üçün mühüm müzakirə platforması kimi
qiymətləndirilir.

