Salyanda 20 nəfərin zəhərləndiyi məktəbin istiliklə təmin olunması məsələsinə münasibət bildirilib

Baş səhifə

Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi İdarənin əsas prioritetləri arasındadır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İdarədən məlumat verilib.

“Salyan rayonu Yuxarı Noxudlu kəndi tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Adıçəkilən təhsil müəssisəsinin təmiri və tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik əsasında həyata keçirilir. Hazırda təhsil müəssisəsinin istilik təchizatı müvəqqəti olaraq odun sobaları ilə həyata keçirilir. Yuxarı Noxudlu məktəbi də daxil olmaqla yaxın günlərdə 5 təhsil müəssisəsinin mavi yanacaqla təchizatı başa çatacaq və istilik təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Təhsil müəssisələrinin mütəmadi olaraq qazla təchiz edilməsi, cari və əsaslı təmirə ehtiyacı olan müəssisələrin müəyyənləşdirilməsi və bu sahədə müvafiq tədbirlərin görülməsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ciddi nəzarətindədir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, dekabrın 5-i sözügedən məktəbdə 20 nəfər (14 şagird, 6 əməkdaş) məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra onların hər biri evə buraxılıb.