
Bakı. Trend:
Dekabrın 7-də Bakıda keçirilən D-8 Gənclər Dialoqunun ikinci
günü uğurla başa çatıb.
Trend xəbər verir
ki, gün ərzində gənclər siyasəti, şəhər inkişafı və dayanıqlı şəhər
mühitinin formalaşmasında gənclərin roluna dair bir sıra panel
müzakirələri təşkil olunub.
Proqramın ilk paneli “Şəhərlərdə mobillik: Daha inklüziv və
gəncləryönümlü mobillik sistemləri üçün siyasətlər, innovasiyalar
və həllər” mövzusuna həsr edilib. Müzakirələrdə şəhər nəqliyyatının
əlçatanlığı, gənclərin ehtiyaclarına uyğunlaşdırılmış mobil
yanaşmalar, rəqəmsal nəqliyyat həlləri və dayanıqlı şəhər mühitinin
qurulması məsələləri diqqət mərkəzində olub.
Ardınca “Yaşıl urban inkişaf üçün bacarıqlar: Dayanıqlı və aşağı
karbonlu şəhərlər naminə gənclər” paneli keçirilib. Ekspertlər və
iştirakçılar gənclərin yaşıl bacarıqlarının inkişaf etdirilməsi,
ekoloji davamlı şəhər modellərinin yaradılma imkanları və aşağı
karbonlu gələcəyə keçidi sürətləndirən təşəbbüslər barədə fikir
mübadiləsi aparıblar.
Sessiyalar boyunca üzv ölkələrin nümayəndələri urbanizasiya,
ekoloji siyasət, innovasiya və gənclərin fəal iştirakının
gücləndirilməsi sahələrində əməkdaşlıq imkanlarını müzakirə
ediblər.
Tədbirin rəsmi bağlanış mərasimində D-8 İqtisadi Əməkdaşlıq
Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam, Gənclər və İdman
Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə
Zülfüqarova, misirli gənc Karen Hani çıxış ediblər. Tədbirin
sonunda D-8 ölkələrinin nümayəndələri tərəfindən D-8 Bakı Gənclər
Bəyanatı qəbul olunub. Bəyanat gənclərin qərarvermə proseslərində
rolunun artırılması, dayanıqlı urban inkişaf, yaşıl bacarıqların
gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi
istiqamətində ortaq öhdəlikləri əks etdirir.
Qeyd edək ki, iki gün davam edən D-8 Gənclər Dialoqu region
ölkələri arasında gənclər siyasətinə və dayanıqlı urban inkişaf
üzrə tərəfdaşlığın möhkəmlənməsinə, eləcə də yeni ortaq
təşəbbüslərin formalaşmasına mühüm töhfə vermək məqsədi
daşıyıb.

