
Polşa Rusiya‑Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı müzakirələrin aparılacağı London sammitindən kənarda qalıb.
“Report” xəbər verir ki, bunu Polşanın “Polsat” nəşri yazır.
Dekabrın 8-də Londonda keçiriləcək görüşdə Fransa, Böyük Britaniya, Almaniya və Ukrayna liderləri iştirak edəcək, lakin Varşava dəvət olunmayıb.
Bu qərar keçmiş Polşa rəhbərləri arasında kəskin reaksiya doğurub. Onlar bu addımı Polşanın beynəlxalq çəkisinin azalması və Avropanın əsas danışıqlarında rolunun məhdudlaşdırılması kimi qiymətləndirirlər. Keçmiş liderlərin fikrincə, buna səbəb daxili fikir ayrılıqları və diplomatik passivlikdir.
Keçmiş baş nazir Leşek Miller bildirib ki, Polşa sistemli şəkildə Ukrayna ilə bağlı strateji qərarların qəbul edildiyi formatlardan kənarlaşdırılır. Onun sözlərinə görə, ölkə səbəbləri aydın anlamalıdır ki, təsir gücünü itirməsin.
Eks-prezident Bronislav Komorovski vurğulayıb ki, Avropa liderləri Polşanı “real çəkisinə görə” qiymətləndirirlər, daxili problemlər və zəif siyasi koordinasiya isə Varşavanın rolunu məhdudlaşdırır.
Keçmiş baş nazir Yan Kşiştof Beleçki qeyd edib ki, hökumətin Ukraynanı uzaqlaşdırmağa yönəlmiş müstəqil addımları Polşanın danışıqlardakı iştirakına mənfi təsir göstərir.
Digər keçmiş baş nazir Valdemar Pavlyak əlavə edib ki, daxili siyasi münaqişələr və diplomatik qeyri‑fəallıq ölkənin Avropanın strateji müzakirələrində, o cümlədən Rusiya ilə müharibə məsələlərində iştirakına mane olur.

