
Bakı. Trend:
QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılması Qaydası
təsdiq edilib.
Trend-in
məlumatına görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov
müvafiq qərar imzalayıb.
Sənəddə aşağıdakı yeni anlayışlar
müəyyənləşdirilib:
- AZQR kod – Azərbaycan Respublikasının
ərazisində mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün
formalaşdırılan QR kod; - statik AZQR kod – tərkibi aparılacaq ödəniş
əməliyyatlarının məzmununa uyğun sabit məlumatlardan ibarət olan
AZQR kod; - dinamik AZQR kod – tərkibi aparılacaq hər bir
ödəniş əməliyyatının məzmununa uyğun dəyişən məlumatlardan ibarət
olan AZQR kod; - AZQR kod təchizatçısı – AZQR kod vasitəsilə
ödəniş əməliyyatlarının icrası üçün AZQR kodu formalaşdıran və (və
ya) ödəniş xidməti istifadəçisini AZQR kodun oxunması
funksionallığı ilə təmin edən Azərbaycan Respublikasında fəaliyyət
göstərən təchizatçı.
Sənədə əsasən, Azərbaycan Respublikası ərazisində QR kod
vasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidməti
təchizatçıları tərəfindən tərtib olunan dinamik və statik AZQR kod
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunan tələblərə
uyğun olmalıdır. Müvafiq Tələblər Mərkəzi Bankın rəsmi internet
səhifəsində yerləşdiriləcək.
AZQR kod təchizatçısı AZQR kodun tərtibini müqavilə əsasında
üçüncü tərəfə həvalə edə bilər, bu şərtlə ki, QR tərtib edilməsi
yuxarıdakı tələblərə uyğun olaraq həyata keçirilsin.
AZQR kod təchizatçısı tərəfindən tərtib olunan AZQR kod təyinatı
üzrə və dəyişiklik edilmədən istifadə olunmalıdır.
AZQR kod təchizatçısı AZQR kod vasitəsilə icra olunmuş ödəniş
əməliyyatı üzrə vəsaitin tam və ya qismən geri qaytarılmasına imkan
verən funksionallığı təmin etməlidir.
AZQR kod təchizatçısı AZQR kod vasitəsilə ödənişin qəbul
edilməsi zamanı ödəyiciyə elektron və ya kağız daşıyıcıda özündə
azı aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin (məlumatın)
təqdim edilməsi təmin ediləcək və ya qəbzin (məlumatın) asanlıqla
əldə edilməsi imkanı yaradılacaq:
- ekvayerin və (və ya) ödəniş sistemi operatorunun adı;
- təsərrüfat subyektinin adı və VÖEN-i;
- qəbzin nömrəsi;
- əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);
- ödəniş terminalının kodu (əməliyyat ödəniş terminalında
aparıldıqda); - ödənişin məbləği və valyutası;
- avtorizasiya kodu;
- əməliyyatı eyniləşdirməyə imkan verən istinad nömrəsi.
AZQR kod təchizatçısı ödəniş əməliyyatının nəticəsi (uğurlu və
ya uğursuz olması) barədə təsərrüfat subyektini
məlumatlandıracaq.
AZQR kod vasitəsilə milli valyutada aparılmış ölkədaxili
əməliyyatlar üzrə ödəniş xidməti təchizatçıları arasında
hesablaşmalar AÖS vasitəsilə həyata keçiriləcək
Məlumat üçün bildirək ki, qərar 2025-ci il noyabrın 12-də
qəbul edilib, dekabrın 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilib, 2026-cı il fevralın 1-də qüvvəyə minəcək.


