
Bakı. Trend:
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri
videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən
saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali,
Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə
məhkəmə prosesi keçirilib.
Trend xəbər
verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş
Ruhan Hüseynov ifadəsində qeyd edib ki, qardaşı Ağdarə
istiqamətində gedən döyüşlərdə şəhid olub:
“Sosial şəbəkədə yayılan videoya baxdım, gördüm ki, şəhidlərə
hörmətsizlik edilib. Ona görə də şikayətçiyəm. İstəyirəm ki, onlar
azadlıqdan məhrum edilsinlər”.
Daha sonra şahidlər ifadə verib.
Şahid Kəmalə Sadıqova bildirib ki, ittiham edilən şəxslərin
məzarın üstündə atılıb-düşdüklərinin görüb: “Onlara xəbərdarlıq
etsəm də bizi başa düşmürdülər və öz işlərinə davam edirdilər.
Hətta köynəklərini çıxarıb oynayırdılar. Mən onlara əl-qolla da
buranın müqəddəs yer olduğunu başa salmağa çalışdım. Lakin məni
anlamırdılar”.
Şəhidlər xiyabanında xadimə işləyən Sevil Əliyeva isə bildirib
ki, hadisə baş verən zaman təmizlik işləri görürmüş: “Səs-küy
gəldi, gedib gördük ki, qeyri-etik hərəkətlər edirlər. Dil
bilmədiyim üçün heç nə deyə bilmədim”.
Şahid qismində tanınan Bəsti Ağayeva da bildirib ki, Şəhidlər
xiyabanında təmizlik işləri görərkən üç gəncin nalayiq
hərəkətlərini görüb: “Axşam tərəfi idi. Gördüm ki, 3 nəfər şəhid
məzarı üzərindəki gülləri oynadırlar”.
Təqsirləndirilən şəxslər bildirib ki, hadisə zamanı onlara bir
xanım yaxınlaşıb, amma ifadə verənləri tanımlırlar.
Proses 9 dekabrda digər şahidlərin ifadəsi ilə davam
etdiriləcək.
Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər
xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü
sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə
turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial
şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində
təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.


