
Bakı. Trend:
Misir Ərəb Respublikasının Qahirə şəhərində D-8 İqtisadi
Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclası
keçirilib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər
verir.
Bildirilib ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli
iclasda çıxış edərək Azərbaycanın D-8 ölkələri ilə səmərəli
tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğulayıb. D-8 təşkilatının
üzv dövlətlər arasında ticarət üzrə dayanıqlığın gücləndirilməsi,
bazarların şaxələndirilməsi, iqtisadi əməkdaşlığın
genişləndirilməsi baxımından effektiv platforma olduğu qeyd edilib.
Təşkilat daxilində ticarət həcmlərinin artırılması və daha səmərəli
iqtisadi əlaqələrin formalaşdırılması istiqamətində aparılan
müzakirələrin önəmi diqqətə çatdırılıb. Azərbaycanda mövcud
əlverişli biznes mühiti, ölkəmizin strateji nəqliyyat-logistika
üstünlükləri, sənaye potensialı və geniş investisiya imkanları
barədə məlumat verilib.
Tədbirdə üzv ölkələr arasında ticarət inteqrasiyasının
dərinləşdirilməsi, sərmayə axınının artırılması, davamlı inkişafın
təşviqi və bilik mübadiləsinin genişləndirilməsi üzrə müzakirələr
aparılıb. İqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi
məqsədilə ticarət forumlarının təşkili, nümayəndə heyətlərinin
qarşılıqlı səfərləri və birbaşa biznes əlaqələrinin qurulmasının
əhəmiyyəti xüsusi vurğulanıb. D-8 ölkələri arasında ticarətin
dövriyyəsinin artırılması üçün birgə səylərin gücləndirilməsinin
zəruri olduğu diqqətə çatdırılıb.
İclasda D-8 üzvü olan dövlətlərin ticarət üzrə məsul nazirləri
və nümayəndə heyətləri iştirak edib və Ticarət Əməkdaşlığı haqqında
Qahirə Bəyannaməsi qəbul edilib.

