
Bakı. Trend:
Azərbaycan Müdafiə Nazirliyi ilə Macarıstan Müdafiə Qüvvələri
arasında 2025-ci il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq
planına əsasən, Bakıda hər iki ölkənin hərbi tibb sahəsi üzrə
mütəxəssisləri arasında görüş keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən
görüşdə qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili,
hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, tətbiq olunan yeni
praktik müalicə yanaşmaları, xidmətdə və ehtiyatda olan hərbi
qulluqçulara və onların ailə üzvlərinə göstərilən tibb xidmətləri
barədə brifinq təqdim olunub. Baş Klinik Hospitalda hərbçilərin
müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradılması, yüksək
peşəkarlığa malik tibbi personalın həvəslə fəaliyyət göstərməsi
xüsusi vurğulanıb.
Daha sonra tərəflər arasında hərbi tibb sahəsində əməkdaşlığın
inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər
ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan və
Macarıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq imkanlarının
genişləndirilməsi, təcrübə mübadiləsi və peşəkar hazırlığın
artırılması istiqamətində işçi görüşlərin davam etdiriləcəyi qeyd
olunub.
Görüşdən sonra Macarıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin
Baş Klinik Hospitalını və digər hərbi tibb müəssisələrini ziyarət
edib, yaradılan şəraitlə yaxından tanış olublar.

