İsrail hökuməti üçün “tabu”n sonu: ultraortodokslar artıq orduya çağırılacaq

Baş səhifə

Bakı. Trend:

2025-ci il noyabrın 19-da İsrail Ali Məhkəməsinin qəbul etdiyi
qərar ölkə tarixində 70 illik bir dövrü qapadır. Məhkəmə hökumətə
45 gün ərzində hərbi xidmətdən yayınan ultraortodoks yəhudilərə
qarşı cinayət, maliyyə və inzibati sanksiyalar sistemini hazırlamaq
tapşırığı verib. Başqa sözlə, uzun illər “müqəddəs kitab” kimi
qorunan istisna mexanizmi artıq hüquqi qüvvəsini itirib.

Bu, sadəcə bərabərlik prinsipi naminə “ədalətli yük bölgüsü”
deyil. Məsələnin kökündə daha dərin struktur və strateji çağırışlar
dayanır. İsraildə əhalinin təxminən 14 faizini təşkil edən haredim
– yəni ultraortodokslar – nə orduya gedir, nə də ehtiyatda xidmət
edir. Ən yüksək doğum göstəricilərinə malik bu icma sürətlə artır,
amma dövlətin təhlükəsizlik yükünə demək olar ki, qatılmır.

Nəticədə “ümumi hərbi vəzifə” ideyası ilə reallıq arasındakı
uçurum getdikcə dərinləşir. İsrail ordusunun yükünü azsaylı, amma
yüksək motivasiyalı çağırışçılar və ehtiyatda olan zabitlər
daşıyır. Bu isə uzunmüddətli perspektivdə milli təhlükəsizlik
modelini içəridən yeyən sistem böhranıdır.

Yeni reallığın konturları

Ali Məhkəmənin qərarı İsraildə təkcə hüquqi deyil, siyasi,
sosial və ideoloji zəlzələ effekti yaradıb. Məhkəmə əvvəlki 2017 və
2024-cü illərdə qəbul etdiyi qərarlarda “ümumi azadolma”nın
konstitusiyaya zidd olduğunu təsdiqləmişdi. İndi isə dövlətin
fəaliyyətsizliyini açıq şəkildə “kütləvi çağırışdan yayınma” kimi
qiymətləndirib. Xüsusilə 2023-cü ilin 7 oktyabrından sonra başlayan
müharibə şəraitində bu, həm də təhlükəsizlik riski sayılır.

Əgər səthi baxsaq, məsələ hərbi xidmətin “ədalətli
bölüşdürülməsi” kimi görünür. Amma dərin planda söhbət İsrailin
gələcək sabitliyindən gedir. Məsələn, hər il minlərlə yeshiva
tələbəsi – yəni dini məktəblərdə oxuyan gənclər – orduya getməkdən
imtina edir. Onların sayı artıq 60–63 min nəfərə çatıb.

Bu arada müharibə fonunda dövlətin xərcləri partlayış kimi
artıb. SIPRI və İsrail Maliyyə Nazirliyinin məlumatına görə,
2024-cü ildə hərbi xərclər ÜDM-in 8,4–8,8 faizi səviyyəsinə qalxıb.
Bu göstərici dünyada ən yüksək göstəricilərdən biridir. Qəzza və
şimal cəbhəsindəki əməliyyatların dəyəri 30 milyard dollardan
çoxdur. Büdcə kəskin şəkildə kəsirə düşüb, dövlət borcu artır.

Belə şəraitdə məhkəmənin “ya hamı orduya, ya da məsuliyyətə”
prinsipinə keçidi əslində dövlətin özünüxilas instinktidir. Qərarın
45 günlük icra müddəti göstərir ki, məsələ artıq siyasi deyil,
milli təhlükəsizlik prioritetinə çevrilib.

Məhkəmə və siyasət: kim kimə hökm edir

2024-cü il iyunun 25-də Ali Məhkəmənin yekdilliklə qəbul etdiyi
qərar bir növ dönüm nöqtəsi oldu. Hakimlər açıq bildirdilər ki,
“ağır müharibə” şəraitində xidmət yükünün bərabərsizliyi daha
kəskin hiss olunur. Dövlətin haredimlərə güzəşt verən qanununun
olmaması o deməkdir ki, hökumət faktiki çağırışı dərhal başlatmalı,
xidmətə getməyən dini məktəblərə dövlət maliyyəsini
dayandırmalıdır.

Noyabr 2025 qərarı isə artıq “son mərhələ”dir. Ali Məhkəmə təkcə
çağırışı məcburi etmədi, həm də dövlətə konkret müddət qoydu – 45
gün ərzində cinayət və iqtisadi sanksiyalar sistemini qurmaq.
Hakimlər açıq yazıblar ki, “dövlətin fəaliyyətsizliyi artıq
təşkilatlanmış şəkildə qanunun icrasından imtina” deməkdir və bu,
cəmiyyətin qalan hissəsini ayrı-seçkiliyə məruz qoyur.

Əslində, bu qərar “sektorial kompromis” erasının sonu deməkdir.
Dövlət, ordu və ultraortodoks icmalar arasındakı tarixi balans indi
məhkəmə qərarı ilə dağıdılır. Parlamentdə dini partiyalardan asılı
olan hökumət bu məsələni siyasi yolla həll edə bilmədi – indi isə
Ali Məhkəmə bu boşluğu doldurur.

Bu isə İsraildə hakimiyyət bölgüsünü daha da mürəkkəbləşdirir və
“məhkəmə özü legitimdirmi?” sualını aktuallaşdırır. Çünki çoxları
artıq bu prosesi təkcə çağırış böhranı deyil, həm də konstitusion
sarsıntı kimi görür.

Koalisiya arxitekturası və institusional
tələ

İsrailin siyasi sistemi problemin struktur təbiətini daha da
dərinləşdirir. Proportsional seçki sistemi və aşağı seçki baryeri
dini partiyaları daimi “koalisiya dayaqları”na çevirib. 120 yerlik
Knessetdə hökumət qurmaq üçün azı 61 mandat lazımdır. Amma son
onilliklərdə heç bir iri partiya bu həddi keçə bilmir. Nəticədə
hökumətlər adətən kiçik fraksiyalarla – o cümlədən haredim
partiyaları ilə ittifaq sayəsində formalaşır.

2023–2025-ci illərin müharibəsi və cəmiyyətdə “yükün bərabər
bölünməsi” tələbinin kəskinləşməsi fonunda bu asılılıq tam
institusional tələyə çevrilib. Bir tərəfdən, IDI və digər
mərkəzlərin sorğularına əsasən, israillilərin əksəriyyəti haredim
xidmət modelinin islah olunmasını və təhlükəsizlik yükünün daha
ədalətli paylanmasını istəyir. JPPI və INSS-in araşdırmaları
göstərir ki, bu gün israillilər üçün əsas risk artıq xarici deyil,
daxili sosial-milli gərginliklərdir. 2025-ci ilin sentyabrında
keçirilən INSS sorğusunda respondentlərin 58 faizi “daxili
təhlükələri” əsas narahatlıq mənbəyi, cəmi 30 faizi isə “xarici
təhlükələri” əsas problem adlandırıb.

Digər tərəfdən, ultraortodoks partiyalar koalisiyadakı
iştiraklarını birbaşa olaraq güzəştlərin saxlanması və ya bərpası
ilə şərtləndirirlər. 2024–2025-ci illərdə haredim çağırışı ilə
bağlı kompromis qanun layihələrinə cəhdlər bir neçə dəfə hökumət
böhranı yaradıb, bəzən bir və ya iki haredim partiyası hökumətdən
çıxıb, bəzən də büdcəni bloklamaqla hədələyib.

2024 və 2025-ci illərdə Ali Məhkəmənin verdiyi qərarlar bu
manevr imkanını kəskin məhdudlaşdırdı. Hökumət artıq
qanunvericiliklə ümumi güzəşt rejimini bərpa edə bilməz, çünki bu,
birbaşa Ali Məhkəmə ilə toqquşma demək olardı. Paralel şəkildə,
məhkəmə özünü “bərabərlik agenti” kimi aparır, amma sektorlara
dayanıqlı siyasi razılaşma formulu təklif etmək imkanına malik
deyil. Nəticədə haredim çağırışı məsələsi ikiqat xarakter alır: bu,
həm ədalətli yük bölgüsü üstündə gedən mübahisədir, həm də Ali
Məhkəmənin səlahiyyətləri və hüquqi aktivizmin sərhədləri ətrafında
gedən daha geniş siyasi savaşın hissəsi.

Koalisiya arxitekturası üçün bu, xroniki qeyri-sabitlik
deməkdir. Hökumət formal çoxluğu saxlasın belə, məhkəmə
qərarlarının hər yeni icra mərhələsi (yeshivaların
maliyyələşməsinin dayandırılmasından tutmuş yayınanların cinayət
məsuliyyətinə cəlb olunmasınadək) dini partiyaların növbəti siyasi
şantaj dalğasını və uzunmüddətli müharibə şəraitində növbədənkənar
seçkilər riskini artırır.

Vətəndaş-ordu uçurumu və sosial həmrəylik

Hərbi baxımdan haredim çağırışı ətrafındakı böhran çoxdan
formalaşmış sosial uçurumu daha da dərinləşdirib. Bu uçurum həm
obyektivdir – mobilizasiya və ehtiyat yükünün statistikasında
görünür, həm də subyektivdir – ədalət və həmrəylik hisslərinin
deformasiyasında.

INSS və digər mərkəzlərin apardığı sorğulara görə, israillilərin
böyük hissəsi haredimlərin çağırışdan azad edilməsini milli
təhlükəsizlik üçün birbaşa təhdid və xidmət motivasiyasını
zədələyən amil sayır. Hətta son məhkəmə qərarlarından əvvəl belə,
israilli yəhudilərin 60 faizdən çoxu mövcud güzəşt rejimini
“ədalətsiz” və “təhlükəli” adlandırırdı.

2023-cü il 7 oktyabrdan sonra başlayan müharibə bu fərqi daha da
dərinləşdirdi. Dünyevi və dini-sionist əhalinin üstünlük təşkil
etdiyi şəhərlərin ehtiyatçıları aylarla cəbhədə xidmət edərkən,
haredimlərin yaşadığı şəhərlər faktiki olaraq kütləvi çağırışdan
kənarda qaldı. Beləcə “iki İsrail” – döyüşən və kənardan baxan –
fenomeni formalaşdı və bu, təkcə statistika yox, emosional və
psixoloji reallığa çevrildi.

Amma haredim cəmiyyətinin içində də dəyişiklik var. Bəzi gənclər
dini əsasla xidmətə qatılmağın mümkünlüyünü müdafiə edir. “Netsah
Yehuda” batalyonu, “Haşmonayim” briqadası və “Şlav Bet” kimi xüsusi
proqramlar artıq minlərlə ultraortodoks gənci cəlb edib. Amma bu,
hələ də yüz minlərlə çağırışçı arasında kiçik faizdir.

Ən mühüm psixoloji baryer isə haredimlərin ordunu
“sekulyarlaşdırıcı təzyiq institutu” kimi görməsidir. Keçmişdə
Şənbə, kaşrut və gender ayrılığı üstündə yaranmış münaqişələr
onların şüurunda ordunu dini həyat tərzinə təhdid kimi
möhkəmləndirib. Müasir sorğular da göstərir ki, bir çox
ultraortodoks ailələr uşaqlarının fiziki təhlükəsindən çox, onların
dini və mədəni assimilyasiyası riskindən qorxur.

Tədqiqatlar göstərir ki, xidmət etmiş bəzi gənclər doğrudan da
sərt haredim həyat tərzindən uzaqlaşır, amma çox vaxt bu proses
onların ordudan əvvəl başlamış olur. Yəni ordu sadəcə
sürətləndirici faktordur, əsas səbəb yox.

Nəticədə, vətəndaş-ordu münasibətləri qarşılıqlı inamsızlığa
çevrilib: cəmiyyətin böyük hissəsi haredimləri “ümummilli yükdən
yayınanlar” kimi görür, haredimlər isə ordunu “gəncləri
dəyişdirməyə çalışan sekulyar institut” sayır. Uzanan müharibə,
ehtiyatçıların artan narazılığı və ictimai gərginlik fonunda bu
inamsızlıq İsraildə uzunmüddətli daxili parçalanma riskini
kəskinləşdirir.

Beynəlxalq kontekst və müttəfiqlərin baxışı

Haredim çağırışı ətrafında yaranmış böhran təkcə daxili məsələ
deyil – onun ciddi xarici-siyasi ölçüsü də var. İsrail Qərbin əsas
hərbi tərəfdaşlarından biridir və dünyanın ən texnoloji
ordularından birinə, həm də silah ixracında böyük potensiala
malikdir. SIPRI-nin məlumatına görə, 2023–2024-cü illərdə İsrailin
müdafiə şirkətləri Qəzza müharibəsi fonunda və qlobal silah
tələbinin artması ilə rekord gəlir əldə edib.

İsrailin təhlükəsizliyinə həm siyasi, həm də maddi resurs
yatıran müttəfiqlər indi ölkə daxilindəki sosial sabitliyi də
diqqətlə izləyir. INSS və JPPI sorğuları göstərir ki, israillilər
artıq daxili sosial-milli gərginlikləri xarici təhlükələrdən daha
ciddi risk kimi görür. Bu tendensiya beynəlxalq tərəfdaşların risk
qiymətləndirməsinə də təsir edir.

Eyni zamanda, artan borc yükü – ÜDM-in 69 faizi səviyyəsində
dövlət borcu və 2024-cü ildə 6,8–6,9 faizlik büdcə kəsiri –
İsrailin genişlənmiş hərbi büdcəni uzun müddət necə daşıya
biləcəyini sual altına salır. Beynəlxalq maliyyə institutları və
reytinq agentlikləri artıq buna reaksiya verib, İsrailin reytinqini
aşağı salıblar. Bu isə borclanmanı bahalaşdırır və maliyyə manevr
imkanlarını məhdudlaşdırır.

Xarici tərəfdaşlar üçün çağırış islahatı və haredimlərin
xidmətə, əmək bazarına və vergi sisteminə daha geniş inteqrasiyası
İsrailin uzunmüddətli müharibə şəraitinə sosial və iqtisadi
cəhətdən uyğunlaşa bilmək qabiliyyətinin göstəricisidir. Bu mənada
2024–2025-ci illərin məhkəmə qərarları, daxili qarşıdurmalara
baxmayaraq, sistemin tənzimlənməsi və tarazlığın bərpası
istiqamətində institusional koreksiya kimi qiymətləndirilə
bilər.

Strateji ssenarilər və tövsiyələr

Bütün bu faktorları nəzərə alanda bir neçə əsas ssenarini
fərqləndirmək olar. Onlar bir-birini istisna etmir, bəzən paralel
inkişaf edə və ya bir-birini əvəzləyə bilər.

Birinci ssenari – formal icra, real
müqavimət.

Hökumət məhkəmənin tələblərini rəsmi şəkildə yerinə yetirir:
xidmətə getməyən yeshivaların maliyyəsini dayandırır, bir neçə
simvolik cinayət işi açır, minlərlə çağırış vərəqəsi göndərir. Amma
sistem dərin inteqrasiyadan yayınmağa davam edir. Ordu haredimlər
üçün sadəcə pilot proqramlarla məhdudlaşır, icmalar isə kollektiv
şəkildə çağırışdan yayınma yolları tapır. Qısamüddətli perspektivdə
bu, açıq qarşıdurmadan qaçmağa imkan versə də, uzunmüddətli
sabitliyi dağıdır. Cəmiyyətin xidmət edən hissəsinin dövlətə inamı
azalır, məhkəmənin rolu isə daha çox siyasi dartışmanın mərkəzinə
çevrilir.

İkinci ssenari – zorakı inteqrasiya.
Dövlət yayınanlara qarşı sərt cinayət və iqtisadi sanksiyalar
tətbiq edir, müavinətləri kəsir, təzyiqi artırır. Bu, “bərabərlik”
prinsipinə söykənsə də, icmanın dini və mədəni dəyərlərini nəzərə
almır. Qısamüddətli nəticədə xidmət göstəriciləri artsa da,
uzunmüddətli effekti – haredim rayonlarında radikallaşma,
etirazlar, sosial qarşıdurmalar və siyasi böhranın dərinləşməsi
olacaq. BMT və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi
göstərir ki, məcburi tədbirlər real alternativsiz tətbiq ediləndə
beynəlxalq səviyyədə tənqid və dəstək itkisi qaçılmaz olur.

Üçüncü ssenari – mərhələli inteqrasiya.
Burada söhbət haredimlərin öz dini xüsusiyyətləri nəzərə alınmaqla,
alternativ və ixtisaslaşmış xidmət modellərinin
formalaşdırılmasından gedir. Məsələn, “Haşmonayim” briqadası, dini
piyada bölmələri, kibermüdafiə və Hərbi Hava Qüvvələrində xüsusi
hissələr, yaxud “MADA”, “ZAKA” və sosial xidmət strukturlarında
vətəndaş xidməti.

Bu modelin əsasında dövlətlə dini elitalar arasında formal
dialoq və qanun səviyyəsində tənzimlənmiş mexanizmlər dayanmalıdır.
Əsas prinsip – alternativ xidmətin həm kifayət qədər ağır və
məsuliyyətli olması (yəni “asan çıxış yolu” kimi görünməməsi), həm
də cəza xarakteri daşımamasıdır.

Dördüncü ssenari – təhlükəsizlik modelinin dərin
institusional islahatı.

İsrail bu halda ümumi çağırış modelindən tədricən hibrid sistemə
keçir: xidmət müddəti qısaldılır, peşəkar komponent artırılır,
milli xidmət – hərbi və ya vətəndaş – bütün qruplar üçün məcburi
olur. Bu, həm haredimləri, həm də ərəb və digər icmaları əhatə
edir. Məqsəd – yükün ədalətli paylanması və ordunun insan
resurslarının optimal istifadəsi.

Belə bir islahat siyasi baxımdan çətindir, amma ən real və
dayanıqlı çıxış yoludur. O, həm xidmət edən “yadronun” yükünü
azaldır, həm də bütün qruplar üçün dövlətə töhfə verməyin legitim
mexanizmini yaradır.

Müttəfiqlər üçün əsas tövsiyələr

Hüquqi şəffaflıq və proqnozlaşdırıla bilənlik. İsrail artıq
“müvəqqəti qanunlar” dövrünü arxada qoymalıdır. Qanuni və sabit
çərçivə siyasi böhranları azaldır.

Təhsil islahatı və iqtisadi inteqrasiya. Haredimlər və digər
qruplar əsas tədris biliklərindən (riyaziyyat, ingilis, təbiət
elmləri) kənarda qalır. OECD və yerli iqtisadçılar xəbərdarlıq edir
ki, bu boşluq aradan qaldırılmasa, heç bir hərbi model maliyyə
cəhətdən dayanıqlı ola bilməz.

Vətəndaş-ordu körpüləri. Qarışıq ehtiyat proqramları, birgə
təlimlər və sosial layihələr vasitəsilə müxtəlif qruplar arasında
əməkdaşlıq mühitinin formalaşması ordu legitimliyini
gücləndirir.

Beynəlxalq hüquqa uyğunluq. İsrail bölgədə özünü demokratik
model kimi təqdim edir və buna görə də haredim çağırışı ilə bağlı
tədbirlər dini azlığa qarşı repressiya kimi görünməməlidir. Vicdan
azadlığına hörmətlə təhlükəsizlik tələblərinin balanslaşdırılması
əsas prioritet olmalıdır.

Haredim çağırışı böhranı artıq “orduya kim gedəcək”
mübahisəsindən çoxdur. Bu, İsrailin gələcəyinin, milli kimliyinin
və sosial müqaviləsinin sınandığı əsas nöqtədir. 2024–2025-ci
illərin Ali Məhkəmə qərarları bu prosesi geri dönüşsüz mərhələyə
gətirib. İndi hər bir strategiya – istər minimal icra, istər dərin
islahat – İsrailin təkcə ordu gücünü deyil, bütövlükdə dövlət və
cəmiyyət dayanıqlığını sınağa çəkəcək.

Baku Network